8 C
Baku
Thursday, January 30, 2025

Azərbaycanın xaricə ticarət balansındakı qalıq $5.27 mlrd. manatı keçib

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın xariclə ticarət balansında nəticədə 5 milyard 270.3 milyon dollar məbləğində qalıq (müsbət saldo) yaranıb. 

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Oktyabra qədər bu rəqəm 5 milyard 139.9 milyon dollar olmuşdu və son aylarda artım müşahidə edilir.

Qeyd edək ki, ölkənin xariclə ticarət balansında müsbət saldo manatın güclənməsində və ya güclü qalmasında əsas faktorlardan biridir. Xariclə ticarət cari əməliyyatlar balansının əsas komponentidir. İxrac idxalı üstələdikdə ölkəyə daha çox valyuta daxil olur ki, bu da manatın sabitliyini təmin edir. Valyuta ehtiyatlarının artması nəticəsində Azərbaycan Mərkəzi Bankı məzənnə siyasətində daha çevik qərarlar qəbul edə bilir. Eyni zamanda, müsbət saldo inflyasiyanı nəzarətdə saxlamaqla ölkənin iqtisadi sabitliyinə töhfə verir.

Gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 42813.7 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 24 milyard 42.0 milyon dollarını və ya 56.2 faizini ölkədən ixrac olunmuş məhsulların, 18 milyard 771.7 milyon dollarını (43.8 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib.

QİYMƏTLƏR ARTIB!

2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1.1 faiz artıb, real ifadədə 3.1 faiz, o cümlədən ixrac 5.4 faiz azalıb, idxal isə 0.6 faiz artıb.

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 120 ölkəyə məhsul ixrac olunmuş, 167 ölkədən idxal olunub.

2024-cü ilin yanvar-noyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 3 milyard 090.6 milyon dollar təşkil edib və 2023-cü ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 1.9 faiz artıb, real ifadədə isə 11 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 23.9 faizi İtaliya, 13.0 faizi Türkiyə, 10.2 faizi Rusiya, 7.9 faizi Çin, 3.5 faizi ABŞ, 3.3 faizi Almaniya, 2.8 faizi Avstraliya, 2.4 faizi Çexiya, 2.2 faizi Hindistan, 2.0 faizi Xorvatiya, 1.8 faizi İsrail, 1.7 faizi Gürcüstan, hər biri 1.5 faiz olmaqla Bolqarıstan, Portuqaliya və Birləşmiş Krallıq, 1.4 faizi İran, 1.3 faizi Yunanıstan, hər biri 1.1 faiz olmaqla Rumıniya və Belarus, hər biri 1.0 faiz olmaqla İsveçrə, Qazaxıstan və Ukrayna, 12.9 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Son xəbərlər
Digər xəbərlər