6 C
Baku
Friday, January 23, 2026

Azərbaycanın xaricdən diri inəklərin alışı kəskin artaraq $108 milyona yüksəlib

2025-ci ilin ilk 11 ayında Azərbaycanın ətlik diri iribuynuzlu heyvanlar üzrə idxalı kəskin artıb və ümumilikdə ölkəyə 108.3 mln. dollarlıq diri inək gətirilib.

Banker.az xəbər verir ki, bu dövrdə idxal həcmi 104.87 min baş təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 144.4% çoxdur. İdxalın dəyəri isə 83.77 milyon dollar olub və illik müqayisədə 120.3% artım qeydə alınıb. 2024-cü ilin ilk 11 ayında bu göstəricilər müvafiq olaraq 42.90 min baş və 38.02 milyon dollar səviyyəsində idi.

Ölkələr üzrə idxal strukturunda 2025-ci ildə Rusiya əsas tədarükçü olub. Bu ölkədən 63.33 min baş diri iribuynuzlu heyvan idxal edilib və idxalın dəyəri 57.56 milyon dollar təşkil edib. Gürcüstandan idxal 37.84 min baş olub və bu istiqamət üzrə 24.39 milyon dollar xərclənib. Qazaxıstandan idxal 3.67 min baş və 1.74 milyon dollar səviyyəsində qeydə alınıb.

Orta idxal qiymətinə gəldikdə, 2025-ci ilin ilk 11 ayında bir baş diri iribuynuzlu heyvanın orta idxal qiyməti təxminən 800 dollar olub. 2024-cü ilin eyni dövründə bu göstərici 890 dollar təşkil etdiyindən, illik müqayisədə orta qiymət təxminən 10% aşağı düşüb.

Bununla yanaşı, 2025-ci ilin ilk 11 ayında safqanlı cins diri iribuynuzlu heyvanların idxalı da əhəmiyyətli dərəcədə artıb. Hesabat dövründə idxal həcmi 5.69 min ədəd olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 192.7% çoxdur. İdxalın dəyəri isə 24.54 milyon dollar təşkil edib və illik müqayisədə 227.4% artıb. Ötən ilin ilk 11 ayında bu kateqoriya üzrə idxal 1.94 min ədəd və 7.49 milyon dollar səviyyəsində idi.

2025-ci ildə safqanlı cins heyvanların idxalında əsas tədarükçülər Çexiya, Estoniya, Uruqvay və Avstriya olub. 2024-cü ildə isə idxal əsasən Almaniya, Avstriya və Estoniyanın payına düşmüşdü.

Orta idxal qiyməti 2025-ci ilin ilk 11 ayında bir baş üçün 4.31 min dollar təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövründə 3.86 min dollar idi ki, bu da illik müqayisədə orta qiymətin təxminən 11.7% artdığını göstərir.

 

Son xəbərlər
Digər xəbərlər