2022-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 152 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 140 ölkədən idxal olunub.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilir.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 12 194,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 9 267,1 milyon dollarını və ya 76,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 2 927,1 milyon dollarını (24,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 6 340 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.
2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,7 dəfə, real ifadədə 9,5 faiz, o cümlədən ixrac 16,8 faiz artmış, idxal isə 3,7 faiz azalmışdır.