2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 111 ölkəyə məhsul ixrac olunmuş, 177 ölkədən idxal olunub.
Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 22 milyard 953.7 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 14 milyard 755.2 milyon dollarını və ya 64.3 faizini ölkədən ixrac olunmuş məhsulların, 8 milyard 198.5 milyon dollarını (35.7 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 6 milyard 556.7 milyon dollar məbləğində müsbət saldo yaranıb. Öncəki ayda ticarət balansında 5 milyard 924.9 milyon dollar idi.
2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 11.4 faiz azalmış, real ifadədə isə 2.5 faiz, o cümlədən idxal 8.5 faiz, ixrac 0.6 faiz artmışdır. 2023-cü ilin yanvar-iyun aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 20.6 faiz, real ifadədə 16.9 faiz artaraq 1773.3 milyon dollar təşkil etmişdir.