2025-ci ilin ilk 9 ayında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 0,5% azalaraq 2,7 mlrd. ABŞ dolları təşkil edib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə turizm xidmətləri üzrə ixrac 1,5 mlrd. dollar, idxal isə 1,2 mlrd. dollar olub, nəticədə təqribən 300 mln. dollar profisit yaranıb. Bu ilk altı aya qədər 194,3 mln. dollar idi.
Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2,6%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1,8% azalıb.
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə göstərilən turizm xidmətlərinin həcmi 1,2 mlrd. dollar olub ki, bunun 75,1%-i vətəndaşların şəxsi səfərləri ilə bağlı xərclərin payına düşüb (məkik idxal istisna olmaqla).
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycana 183 ölkədən 1,95 mln. əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin əsas hissəsi Rusiya (24,8%), Türkiyə (17,1%), İran (7,9%), Hindistan (6,8%) və Səudiyyə Ərəbistanının (4,5%) payına düşüb. Ziyarətçilərin 66,3%-i kişilər, 33,7%-i qadınlar olub.







