Banker.az bu dəfə Polşanın paytaxtı Varşava şəhərində yaşayıb, bank sahəsində çalışan gənc həmyerlimiz 28 yaşlı Həbib Hacıyevdən müsahibə götürüb. Həmin müsahibəni təqdim edirik:
— Həbib bəy, ilk öncə özünüz barədə oxucularımıza məlumat verməyinizi istərdik:
— Mən Hacıyev Həbib Səyyad oğlu, 1991-ci il dekabrın 2-də Naxçıvan MR, Kəngərli rayonu Şahtaxtı kəndində anadan olmuşam. 1998-ci ildə Yasamal rayonu 13 nömrəli məktəbdə ibtidai təhsilimə başlamışam. Daha sonra yaşayış yerimizin dəyişməyi ilə əlaqədar təhsilimi Nizami rayonu, Eldar Quliyev adına 145 nömrəli məktəbdə davam etmişəm. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-Kredit fakültəsinə qəbul olmuşam. 2013-cü ildə bakalavr pilləsini bitirib, Azərbaycan Silahlı Qüvvələrinin sıralarına həqiqi hərbi qulluqçu kimi qoşulmuşam. 2014-cü ildən ordu sıralarından ehtiyata təxris olmuşam. 2016-cı ilin Oktyabrın 1-dən Varşava Universitetində Quantitative Finance, Accounting and İnvestment MA proqramı üzrə magistr təhsili almağa başlamışam. 2017 ci ildən 2019-cu ilədək dünyanın ən böyük maliyyə institutlarından biri olan Citi Groupda, investisiya bankında Qiymətli Kağızlar Bazarı, Custody Operations üzrə ekspert vəzifəsində çalışmışam. Hal-hazırda digər bir dünya nəhəngi olan JP Morgan investisiya bankında mühasib kimi əmək fəaliyyətimi davam edirəm. Ailəliyəm. Yoldaşım da burada magistr dərəcəsi üzrə təhsil alır.
— Niyə məhz magistr dərəcəsinə yiyələnmək üçün Polşanı seçdiniz?
Əslində, bu sualla dəfələrlə qarşılaşmışam, cavabım qısa olub – Qismət! Amma nəzərə alsaq ki, müsahibədə belə bir sualla qarşılaşdım gərək cavabımda ətraflı olmağa çalışım. Əvvəllər Polşa haqqında xatirələrim, məlumatım Polşa 8-0 Azərbaycan futbol üzrə millimizin oyunu və Qarabağın Vislanı məğlub eləməyi (4-2) və bir az da tarixdən irəli gələn bilgilər idi. 2014-2016 –cı illərdə dəfələrlə Böyük Britaniya universitetlərindən qəbul alsam da, ailəmin maddi imkanlarına görə və ya uyğun təqaüd imkanları tapa bilmədiyimə görə gedə bilmədim. Bu ərəfədə Almaniyadan 3 və ya 4 universitet və Şərqi Avropadan isə yalnızca oxuduğum universitetə müraciət eləmişdim (Hal-hazırda burda mənimlə bir şəhərdə yaşayan ən yaxın dostlarımdan birinin gözəl tövsiyəsi əsasında). Bir gün o məni yönləndirdi ki, maraqlandığın sahə üzrə (yəni riyazi yönümlü, eləcə də maliyyə ilə kompyüter proqramlaşdırmasını eyni zamanda tədris edən) belə bir universitet var və nüfuzlu reytinq sistemlərində də yetərincə yaxşı yerlərdə qərarlaşıbdı, gəl ora da müraciət edək və sonra qəbul cavabları gələndə də, yerində qiymətləndirərik vəziyyəti. Düşünün, mən Polşa Respublikasının ölkəmizdə fəaliyyət göstərən konsulluq idarəsindən viza alandan bir həftə sonra Almaniyadan müsbət cavab gəldi, amma xasiyyətimdən irəli gələn bir xüsusiyyətlə, “ilk qiymət verən diqqətə layiqdir” prinsipi ilə bura gəldim, bu günə qədərdə seçimimə görə peşmançılıq yaşamamışam çox şükür. Bir tək qışın sərt -20 dərəcəsinin qulağından iraq (gülür). Heç cürə soyuq, sərt qışa dözümüm yoxdur, isti sevən biriyəm və hətta bəzən yaxşı ki, Böyük Britaniyaya gedə bilmədim deyirəm: nəzərə alanda ki, orda əksər günlər buludlu və yağmurlu olur.
— Bildiyimiz kimi dünyanın ən məşhur maliyyə brendlərində fəliyyət göstərmisiz, keçmiş iş yeriniz “CitiBank” və hazırkı “JP Morgan”dakı iş həyatından danışaq.
— Əslində sualınıza bir balaca fərqli cavab vermək istəyərdim. Çalışdığım bu iki dünya nəhəngi həmişə arzusunda olduğum böyük, eyni zamanda mürəkkəb quruluşa sahib olan və eyni zamanda da dünya üzrə özünəməxsus bir yeri olan dərin Amerika maliyyə sisteminə mənsub institutlardır. Yəni, biz sizinlə hal-hazırda yaşları az qala 2 əsrə çatmış maliyyə institutlarından danışırıq. İş həyatı burada çox maraqlıdır, çünki dünya maliyyə bazarları çox rəngarəngdir, Amerikanın maliyyə sahəsinə yanaşması çox maraqlıdı. Daima yeniliklərlə zəngindi. Bu iki yerdə gördüklərim, öyrəndiklərim özümün olsun. Ən əsas mənə aşılanan ərdəm daim öz üzərində işləmək və əlbəttə ki, Amerikanın dünyaca məşhur Amerika İş Əxlaqıdır.
— Orada oxuyub, çalışan zaman nə kimi çətinliklərlə rastlaşdınız?
— Atamın sözünü daim xatırlayaraq belə davam edim: “Çətinliklərin hamısını bir gündə həll edə bilməzsən, deyək ki elədin, bəs onda sabaha nə edəcəksən?!”
İlk öncə onu deyə bilərəm ki, oxuduğum fakültə tələbələrə maliyyənin sirlərini öyrətməklə yanaşı, proqramlaşdırma dillərinin maliyyəyə necə tətbiq eləməyi də öyrədir. Burda Sovet Polşasının iqtisadi əsasları haqda bizə dərs keçirilməyib. Eləcə də, iş həyatının çətinlikləri mənim üçün sadəcə mədəniyyətlər fərqindən başqa bir şey olmayıb. Düşünə bilərsiniz, burada rəhbər işçilərlə qarşılaşanda sarılıq keçirmir adam. Onlarla rahat diskussiya aparmaq, mətbəxdə səmimi söhbət eləmək, qəhvə içmək çox adi haldır. Mənə Azərbaycanda işləmək, yaşamaq o qədər də asan olmamışdı heç. Düzdü, Azərbaycanda bankda işləmək mənə qismət olmasa da, ona görə belə xarakterdə olduğum üçün çətinliklərdən qorxmamışam. Tək bir çətinliyim olub o da, mədəniyyətlər fərqindən irəli gələn fərq – ingilislər buna “Culture Shock” deyirlər. Çünki bu səfər məni uzun müddətli bir sərgüzəştlər gözləyəcəyini bilirdim. Mənim vətənimdən aralı düşməyimdə səbəblərdən biri hər nə qədər də arsuzunda olduğum iş həyatının olmaması olsa belə, mən Polşaya iş üçün gəlməmişdim. Tam səmimiyyətimlə deyirəm. Burda belə bir şey ola bilərmi?!, Getmişkən qalım?! Nə var Azərbaycanda deyə deyinmirdim (yaxşı, qəbul edirəm bəzən olurdu çox deyinirdim). Əsas məqsədim arzusunda olduğum xaricdə magistr təhsilimə qovuşmaq və gözəl iş əxlaqına yiyələnmək idi. Burda aldığım təhsili, oxuduğum zamanla müqayisə apara bilərəm, belə ki, Azərbaycanda təhsil aldığım zaman günün tələbinə uyğun olan predmentlər əvəzinə bəzən planlı iqtisadiyyatın əsasları haqqında dərslər aldıqdan sonra belə qərara gəlmişdim. Yəni məncə audit işi, bir qocaman müəllimimizin işlədiyi dövrlərdəki “reviziya” xatirələri deyildi, onun başqa bir predment olduğunu araşdırıb bilmişdim və o gün qərar vermişdim ki, çağdaş predmentlərin tədrisinə necə olursa olsun qoşulmalıyam. Sevimli müəllimim Günel müəllimənin dediyi kimi nə Mirzə Cəlil, nə dahi Hüseyn Cavid, nə də musiqimizin atası Üzeyr bəy Hacıbəyov Oxford məzunu olmayıb. Elm, təhsil, istək olduqdan sonra uğrunda Çinə qədər belə gediləsi çox ləziz bir nemət olsa belə heç də hər zaman Çində deyil. Ona görə də düşünürəm ki, suala konteksdən az bir az sapma verməklə geniş cavab vermiş oldum.
— Özünüzü necə inkişaf etdirmisiniz?
— İlk öncə müəllimlərimə və ailəmə borcluyam, üzərimdə əməyi və sevgisi olmuş bütün müəllimlərimin önündə dərin ehtiramla baş əyirəm. O gözəl insanlar birinci səbəbimdir.
İkincisi, özünü inkişaf kitablarını əlimin tərsi ilə bir kənara itələmişəm. Günü bu gün də olsun, bir dənə də o tipli nə bir “best seller” kitab, nə də məqalə oxumuram. Marağım tarixə, tarixi şəxsiyyətlərimizin həyatı və fəaliyyəti haqqında kitablaradır, eləcə də, dünyada böyük izlər qoymuş şəxsiyyətlərə. O ki, qaldı özümü necə inkişaf elətdirməyimə, cavab bilirəm klassik səslənir, oxumaq, öz üzərimdə işləmək və əsla özümə yalan danışmamaq. 2014-cü ildə özümü həkim diliylə desək “check-up” elədim. Fiziki və mənəvi baxımdan. “Mən kiməm?! Yaşamaqda kredom nədir?”(Rasim Balayev demiş) ?! Nə üçün çıxmışdım bu yola?! Hansı istiqamətdə gedirdim ən son və kimlər necə məni hədəflərimdən yayındırdı?! Harda nə səhvlərim oldu?! Bu səhvlərimi necə minimallaşdıra, məni məqsədlərimdən uzaqlaşdıran hər nə və ya hər kimilərisə nə qədər neytrallaşdıra bilərəm?! Qısa və orta müddətdə nələr eləməyə qadir ola bilərəm?! Özümdə hansı zəif xarakter və ya ixtisasım üzrə gerilik var?! İnanmayacaq heç kim bəlkə də, amma mən çox sadə metodla başladım işə. İlk olaraq siyahılaşdırdım. Siyahı üzrə qoyduğum suallara və tapşırıqların hamısına öz-özümə səmimi cavablar verdim, qeydlər apardım. İnanın, insanın özünə tam səmimi cavab verməyi çox çətindir, səhvlərlə üzləşmək, onları qəbul eləmək. Bu mərhələdən sonra məsələ icrada idi və mən xarakter olaraq heç vaxt uzun müddətli plan və ya planlaşdırmanı sevmədiyim üçün mənə etibar edə biləcəyim mənbələr və öz dəyərli təcrübələrini mənimlə bölüşəcək etibarlı insanlar lazım idi. Tapdım onları, ən etibarlı, böyük dostum-atam, xaric təcrübəsi olan gənc, dinamik, yaşıdım olsa da ixtisasım üzrə özümə daim örnək gördüyüm daha bir dostum və uşaqlıq dostum. Dramatikləşdirmirəm inanın. Mənə sadəcə etimad hissini yaşatmalı adamlar lazım idi. Ailəm vardı və yuxarıda sadaladığım dostlarım, geriyə qalmışdı öz səmimi suallarıma dürüstcə verdiyim cavablar üzrə dayanmadan işləmək. Çox şükür alındı.
— Bəzi gənclər uğurlu karyera və ya təhsili şansla əlaqələndirirlər. Bununla bağlı nə kimi fikirlər bildirə bilərsiniz?
— Bilirsinizmi, şans, bəxt və sairə kimi bənzəri anlayışlar haqqında böyük mütəfəkkirlər çox gözəl izahlar veriblər, mən özümü onlarla eyni səviyyədə yetərli görmürəm ki, bu barədə nəsə izah verim, ancaq mənə görə şans barədə deyilmiş fikirlərin içində ən çox xoşuma gələni “Şans” – Doğru zamanda, doğru yerdə olmaqdı!
Elə bilinməsin ki, mən hesablamaları tam əminlik və özgüvənlə həmişə düz edən, şansını özü yarada bilən böyük güc sahibiyəm. Mənim iki iman gətirdiyim dəyər var; savad və əzm. Kim olursa olsun, hətta xoşuma gəlməyən birinin belə bu barədəki qazanclarını təqdir edərəm. Yuxarıda dediyim kimi, xaricdə təhsil imkansız bir şey deyil, fiziki mənasından danışıram, müvafiq sahə üzrə təhsil üçün çalısmaq, imtahandan keçmək və xarici universitetə qəbul almaq üçün administrativ, sənədləşmə işlərini yerinə yetirmək lazımdır.(Maddiyyatı nəzərdən çıxarmamışam qəti.) Eləcə də uğurlu karyera. Bəzən siz qovalayarsız alınmaz, bəzən şərait sizi ora aparar. Sadəcə siz təyinatı üzrə çalışırmısınızmı? Sual budur. Bir səhnə gözümün önündə canlandı bu suala cavab verərkən. Türkiyənin keçmiş liderlərindən biri olan rəhmətlik N.Erbakana o zaman siyasi opponentləri söz atırlar bir platformda ki, bəs “cənab baş nazirimiz xəyalpərəstdir”. Cavabında N.Erbakan deyir ki, “Xəyal qurmaq böyük bir ərdəmdi, hər kəsə nəsib olmaz!”. Yəni, əgər bir xəyalları varsa gənclərimizin, birincisi bölüşməyin heç kim ilə, ikinci isə o xəyallara gedən yol uğrunda doğru adamlarla, təyinatı üzrə çalışmaqla davam edin. İnanın klişe səslənsə də, zəhmətin məhsulun yeyəcəyiniz halda hər yerdə hür olacaqsız, çünki zəhmətinizlə getdiyiniz hər yer sizə rahatlıq verəcək, daha birdən məni bura gətirənə “nəsə olsa mən nə edərəm” qorxusu ilə yaşamayacaqsız!
— Azərbaycan banklarından iş təklifi gələrsə, qayıdıb ölkədə xarici maliyyə biliklərinizi tətbiq etmək istərdinizmi?
—Bu müsahibədə ən çox düşündüyüm sualınız bu oldu(gülür). Düzü, çalışdığım sahə üzrə çox dəyərli, məndən daha da savadlı, təcrübəli Azərbaycanlılarımız var, məncə, birinci oların təcrübə və biliklərində maraqlı olunmalıdı. Bilirsiz, mən hələ də özümü böyük uğur sahibi hesab eləmirəm. Həmişə dahası var, Allah nə qismət edər nə olar bilmirəm, amma ixtisasımdan irəli gələn bir xarakter var ki, etibarlı proqnoz üçün keçmişə dayalı data etibarlı olmalıdı ki, verdiyin proqnozda sapma payı az olsun. Mənə Azərbaycan banklarında işləmək heç vaxt qismət olmayıb, 2014-cü ildə 3 aylıq təcrübə xaric. Yəqin, bu və ya hansisa bir kriteriya üzrə yetərsizliyim olubdu. Cavabımda düzqəlbliyəm, nəsə söz atmaq fikrim yoxdu. Ona görə proqnoza və ya ehtimala bağlı olan bu sualanıza cavab vermək üçün əlimdə etibarlı bir keçmiş “data-set” yoxdu ki, ona hansısa ekonometrik model tətbiq edərək hansisa normal bir proqnoz verə bilim, nece deyərlər ən gözəl proqnoz dünən verilmiş proqnozdur. Amma öncə dediyim kimi Allahın xoşbəxt quluyam ki, mənə geniş diapazonlu xəyalpərəstlik veribdir. Tam səmimiyyətimlə deyirəm, İnşallah Dağlıq-Qarabağı erməni işğalından azad edək, söz verirəm sağ qalsam Xankəndi Universitetində Maliyyə ixtisası üzrə biliyim yetdiyi predmentlərdən biri üzrə gənc nəsillərə daha tez estafet ötürə bilək deyə dərslərə girəcəm və Dağlıq-Qarabağda fəaliyyət göstərəcək hər-hansı bir milli maliyyə institutumuz o zamanadək ola biləcək təcrübəm və biliyimdə maraqlı olsalar sevə-sevə xidmətə gedəcəm! Bunu populizmdən uzaq deyirəm, onsuz populist çıxışlar edən hamı məndə ikrah hissi oyadır, özüm belə edib kimdəsə o hissi oyatmaq istəmirəm.
—Bəs, burda Azərbaycanı necə tanıyırlar? Ölkəmiz haqqında nə kimi təsəvvürləri var?
Düzü desəm ki, Azərbaycan tam tanınır – yox yalan olacaq. Konkret bir dəsti-xətt yoxdur, mənim zənnimcə, təbliğat işini də layiqincə apara bilmirik.(Mən də bu millətin balasıyam, tənqiddən kənarda durmaq, pisi aid eləməmək xəstəliyi məndə yoxdur çox şükür). Yəni tanıyan tanıyır, kimi Eurovision-a, kimi Formula1-ə görə, nadir hallarda Bakıda olanlarla da qarşılaşıram. Mən necə təsəvvür yaratmağa çalışıram? Hər nədən danışırıqsa axırda söhbət ölkəmin işğaldan əziyyət çəkməyində bitirirəm, polyaklar da çox vətənpərvərdilər, dəfələrlə belə söhbətlərdən sonra səhəri mənə xəritə ataraq torpağımızın necə həyasızca bölündüyünü deyirlər. Bir fərd olaraq bu mənə bəs edir.
— Gələcəklə bağlı planlarınız Polşada yaşamaqdır?
—Bu suala yuxarıda cavab vermişdim qismən. Həyatı bəzən spontan, bəzən planlı yaşamaq lazımdı məncə. Düzü bilmirəm, dediyim kimi uzun müddətli planlar mənə görə deyil, ruhumun hürlüyü və ailəmin səadəti mənim üçün önəmlidir, etibarlı dostum olan atamdan icazəmi almışam (gülür) deyib harada dəyər tapıb, xoşbəxt olacaqsınızsa orada da yaşayın. Sadəcə vətən, ana həsrətinə nə qədər dözə biləcəyəm onu zaman göstərər.
— Səmimi müsahibə üçün minnətdarıq Həbib bəy.
—Mən minnətdaram. Fəaliyyətinizdə uğurlar! Allah bayrağımızı başımızdan, adımızdan da millət sözünü əksik eləməsin.