Azərbaycanlı proqramçı Qərib Mehdiyevin həmtəsisçisi olduğu “WeTravel” startapı 27 milyon dollar investisiya alıb.
Bu barədə Milli İnternet Forumunun rəhbəri Osman Gündüz məlumat yayıb. O bildirib ki, həmyerlimiz həmkarları Yohannes Koeppel və Zaki Prabovo ilə birgə 2014-cü ildə qurduğu bu startap üçün indiyə qədər 7 milyon dollar investisiya alıb. Startapın cəlb etdiyi sonuncu investisiyadan sonra isə məbləğ 34 milyon dollar çatıb.
Qeyd edək ki, xeyli müddət ABŞ da çalışan startap komandası son illər işləri davam etdirmək üçün daha münbit biznes şəraiti olan Amsterdama köçüblər. Hazırda “WeTravel”in ABŞ-da, Niderlandda və Azərbaycanda işçi komandası fəaliyyət göstərir.
“WeTravel” startapı səyahət təşkilatçılarına vəsait toplamaq, qlobal ödənişləri gerçəkləşdirmək və logistikanı təşkil etmək üçün müxtəlif alətlər və imkanlar təklif edən onlayn ödəniş platformasıdır.