“Son vaxtlar Azərbaycanda sərt pul-kredit siyasəti həyata keçirilir. Mən bunun tərəfdarıyam. Çünki ölkəyə külli miqdarda vəsaitin, neftdən gələn gəlirlərin daxil olması ölkəmizdə pul-kredit siyasətinin çox yumşaq aparılmasına gətirib çıxardıb ki, bu da son zamanlar çox ciddi problemlər yaradıb”.
Bunu millət vəkili Vahid Əhmədov, bu gün Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin iclasında “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. “Biz də ilin sonunda pul-kredit siyasətini müəyyən qədər sərtləşdirmək üçün qanunlar qəbul etdik və pul vəsaiti ilə əlaqədar olaraq müəyyən məhdudiyyətlər qoyduq” — deputat bildirib.
Onun sözlərinə görə, amma yenə də Azərbaycanın real həyatında, iqtisadiyyatında yaranmış vəziyyət ürəkaçan deyil: “Biz bunu bu il hiss etmirik. Düzdür, pul-kredit siyasətini sərtləşdirmişik, müəyyən qədər burada sıxlıq yaratmışıq. Burada daha çox sahibkarlardan söhbət gedir. Amma biz bunu 3-4 aydan sonra, ilin sonunda Azərbaycanda real sektorun inkişafında olan məhdudiyyətlərdə hiss edəcəyik”.
Millət vəkili deyib ki, indi Azərbaycanda real sektorun inkişafında çox ciddi problemlər var: “İnsanlar vəsait çıxarmaqda əziyyət çəkirlər. Mən bilmirəm, Maliyyə Bazarlarına Nəzarət Palatası hansı, necə göstərişlər verib. İnsanlar faktiki olaraq real sektoru inkişaf etdirmək üçün problemlə üzləşirlər. Hətta, bəzi sahibkarlar var ki, vəsaitlərini çıxardıb istifadə edə bilsinlər deyə gedib hesablarını Gürcüstanda, başqa yerlərdə açırlar”.
“Yəni, belə sərt siyasət aparmaq üçün əvvəlcə aşağı təbəqələri hazırlamaq lazım idi. İnsanlar malın əksəriyyətini “Sədərək” Ticarət Mərkəzindən və başqa ticarət mərkəzlərindən alırlar. Hansı ki, orada faktiki heç bir çek anlayışı yoxdur. Bu, Azərbaycan iqtisadiyyatında çox ciddi problem yaradır. Mən narahatam. Çünki sahibkarlar bu məsələ ilə əlaqədar olaraq həddindən artıq bizə müraciət edirlər” — V. Əhmədov vurğulayıb.
Deputat daha sonra əlavə edib: “Siz bunu hələ hiss etmirsiniz. Real sektorun inkişafını 3-4 aydan sonra hiss edəcəksiz. Əgər 2016-cı ili biz 1 faiz heç olmazsa, müsbət rəqəmlə başa vurmuşuqsa, 2017-ci ildə arxayın deyiləm ki, bu 1 faizi qoruyub saxlaya bilək. Real sektoru inkişaf etdirmək lazımdır. Əgər biz sahibkarlar üçün normal şərait yaratmırıqsa, qeyri-neft sektorunu biz necə inkişaf etdirməliyik. Sahibkarlar müraciət edirlər ki, bankdan vəsait çıxara bilmirlər”.