3 C
Baku
Saturday, December 14, 2024

“Azərenerji” və “AzinTelecom” Nazirlər Kabinetinin tapşırıqlarını bu günədək yerinə yetirməyib”

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun müsahibəsi:

– Hesablama Palatasının audit tədbirləri 2018-ci ildə nə qədər vəsaiti əhatə edib və bu rəqəm 2017-ci illə müqayisədə necə dəyişib?

2018-ci ildə audit formasında aparılmış tədbirlər ilə ümumilikdə 10,3mlrd. manat vəsait əhatə olunub. Bu məbləğin 60,5%-ni dövlət büdcəsinin xərcləri, 10,4%-ni büdcədənkənar dövlət fondlarının vəsaitləri, 7,5%-ni beynəlxalq və yerli maliyyə təşkilatlarından cəlb edilmiş kreditlər, 21,6%-ni isə təsərrüfat hesablı dövlət müəssisələrinin vəsaitləri təşkil edib. Ötən ildə bu tədbirlərlə əhatə edilmiş vəsait əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 6,8% az olsa da, dövlət büdcəsinin auditlə əhatə dairəsi artıb. Belə ki, 2018-ci ildə auditlərlə əhatə edilmiş dövlət büdcəsinin vəsaitləri 2017-ci ilin müvafiq göstəricisindən 3,7 mlrd. manat və ya 2,5 dəfə çox olub.

– 2018-ci ildə keçirilmiş nəzarət tədbirlərinin əsas xüsusiyyətləri barədə nə deyə bilərsiniz?

Hesablama Palatasının 2018-ci ildə fəaliyyətini əvvəlki illərdən fərqləndirən amillər qəbul edilmiş yeni qanunun tələblərindən irəli gələn yanaşmanın fərqli olmasıdır. Hesabat ilində ilk dəfə olaraq – dövlət borcunun formalaşması və ona xidmət edilməsi üzrə xərclərin, idman yarışlarının keçirilməsinə və idman komplekslərinin saxlanılmasına, həmçinin regional mədəniyyət idarələrinə, bəzi hüquq-mühafizə orqanlarına, səhmləri dövlətə məxsus bəzi müəssisələrə ayrılan büdcə vəsaitlərinin istifadəsi üzrə uyğunluq auditi həyata keçirib, ərazi vergi orqanlarında inzibatçılığın qiymətləndirilməsi üzrə səmərəlilik auditi, dövlət maliyyəsinin ayrı-ayrı sektorlarında mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı analitik təhlil işləri aparılıb. 2018-ci ildə ilk dəfə olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) əvvəlki il üzrə büdcəsinin icrasına dair rəy hazırlanıb və müvafiq qaydada təqdim olunub.

– Dövlət borcu çox aktual mövzudur. Borcla bağlı təqdim edilən hesabatlarda kənarlaşma varmı?

Borcla bağlı təqdim edilən hesabatlar “Dövlət borcu” haqqında qanunun tələblərinə uyğundur. Qeyd edim ki, dövlət borcunun formalaşması və ona xidmət edilməsi üzrə uyğunluq auditi aparılarkən bir sıra nöqsanlar müəyyən edilib. İlk növbədə, dövlət borcuna və dövlət zəmanəti ilə yaranmış borca xidmət göstərilərkən il ərzində icraçı qurumlar tərəfindən borc vəsaitlərindən istifadə qrafikinə riayət edilməməsi, dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitləri hesabına yerinə yetirilmiş öhdəliklər üzrə ödənilmiş məbləğlərin həmin fonda bərpa edilməsi üzrə Maliyyə Nazirliyi ilə əsas borcalanlar, yəni icraçı təşkilatlar arasında bağlanmış müqavilələrin müəyyən edilmiş şərtlərinə və razılaşdırılmış ödəniş qrafikinə əsas borcalanlar tərəfindən tam riayət edilməməsi halları, həmçinin dövlət zəmanətli kreditlərin reyestrinin aparılmasında bəzi nöqsanlar mövcud olub.

Eyni zamanda, auditin nəticələri və bu nəticələr üzrə kollegiya qərarının icrası ilə əlaqədar Maliyyə Nazirliyindən daxil olan məktubda nazirliyin “Azərenerji” ASC və “AzinTelecom” MMC tərəfindən həm təkrar müqavilələrin imzalanması, həm də müəyyən edilmiş zəmanət haqqının Təminat Fonduna köçürülməsi ilə əlaqədar müvafiq işlər aparıldığı, lakin qeyd olunan iki təşkilat tərəfindən Nazirlər Kabinetinin qərar və tapşırıqlarının icrasının bu günədək yerinə yetirilmədiyi göstərilib.

– Bir müddət əvvəl təhsil və mədəniyyət sahəsində yerli səviyyədə struktur dəyişiklikləri oldu. Bu dəyişikliklərin büdcə vəsaitlərinə qənaət edilməsinə səbəb olduğunu demək olarmı?

Hesablama Palatası tərəfindən 2018-ci ildə regional təhsil idarələrində nəzarət tədbiri aparılmayıb, lakin builki İş planında bu məsələ nəzərdə tutulur. İki Regional Mədəniyyət – Bərdə və Ağcabədi İdarələrində hesabat ilində aparılan audit tədbirinin nəticələri ilə bağlı mətbuatda məlumat verilib. Struktur dəyişiklikləri nəticəsində ştat saylarında və bəzi xərclərdə optimallaşma aparılıb. Bununla yanaşı, dərs saatlarının müəyyən edilməsi və tarifikasiya işlərində artıq xərclərin, dövlət əmlakının istifadəsində və satınalmada qiymətin müəyyən edilməsində mövcud problemlərin həll edilməsinin vacibliyini də qeyd etmək lazımdır.

– Hesablama Palatasının büdcə təşkilatlarında apardığı auditdə əvvəlki illərdə aşkar edilmiş nöqsanlar təkrarlanırmı? Şəffaflıq və hesabatlılıqla bağlı vəziyyətin yaxşılaşdığını demək olarmı?

Hesablama Palatası son illərdə nöqsanların konkret qanunvericilik aktlarının tələblərinə riayət edilməsi sahəsində yol verilmiş nöqsanların istiqamətlər üzrə təsnifləşdirilməsini həyata keçirir və bu yanaşma illər üzrə meylləri müşahidə etmək imkanı verir. Hesabat ilində 714, 2017-ci ildə isə 689 nöqsan müəyyən edilib. Nöqsan hallarının sayı artsa da, hər nəzarət tədbirində müəyyən edilmiş halların orta sayında azalma vardır ki, bu da müsbət meyl kimi xarakterizə olunmalıdır.

Nöqsanların strukturuna gəldikdə isə qeyd edim ki, büdcə qanunvericliyinin, o cümlədən əmək haqqının ödənilməsi, tədbirlərin keçirilməsinə ayrılan vəsaitlərin icrası, dövlət satınalmalarının təşkili və həyata keçirilməsi, təmir-tikinti işlərinin aparılması sahəsində normativ-hüquqi aktların tələblərinə riayət edilməsi üzrə nöqsanlar daha çoxdur və xarakterikdir. Həmçinin mühasibat uçotunun təşkili ilə bağlı hər bir qurumda nöqsanlara rast gəlinib. Ümumilikdə isə, son dövrlərdə dövlət idarəetməsində həyata keçirilən islahatlar dövlət vəsaitlərinin istifadəsi sahəsinə müsbət təsir göstərib. Şəffaflıq, qanunvericiliyə uyğunluq və hesabatlılıq sahəsində nəzərəçarpacaq pozitiv meyllərin mövcud olduğunu və bu istiqamətdə nəzərdə tutulan işlərin ildən-ilə genişləndirilməsinin vacib olduğunu xüsusilə qeyd etməliyik.

– Qeyd etdiniz ki, ötən ildən başlayaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcəsinin icrasına da rəy verirsiz. Mətbuatda fondun 2018-ci ilin yekunlarına görə gəlirliliyinin azalması müzakirə edilir. Sizin buna münasibətiniz necədir?

Hal-hazırda ARDNF-da Hesablama Palatası nəzarət tədbiri-təhlil işləri aparır. Növbəti ayda ARDNF büdcəsinin icrasına rəy hazırlanacaq. Həm rəydə, həm də nəzarət tədbirinin sonunda fondun maliyyə fəaliyyəti ətraflı təhlil olunub müvafiq qiymətləndirmələr aparılacaq. Nəzarət tədbiri tam yekunlaşmadığından hələlik yalnız onu deyə bilərəm ki, ötən il ərzində borc öhdəlikləri və pul bazarı alətlərində avro valyutası üzrə olan investisiyalardan başqa digər valyutalarda (daxili bazardakı yatırımlar istisna olmaqla) müsbət gəlirlilik müşahidə edilib. 2018-ci ildə qlobal səviyyədə səhmlər üzrə qeydə alınmış mənfi gəlirliliyin müəyyən təsiri fond aktivlərində hiss olunub. Eyni zamanda, nəzərə almaq lazımdır ki, ARDNF-nın fəaliyyətinin əsas prioriteti vəsaitlərin qorunmasıdır və bu baxımdan atılan addımlar riskə az meylli olmalıdır.

– Hesablama Palatasının fəaliyyətinin “zəif” olaraq gördüyünüz tərəfləri və bu çatışmazlıqları aradan qaldırmaq üçün nə edilməlidir?

Hesablama Palatası dövlətin adından kənar maliyyə nəzarətini həyata keçirən bir qurumdur və bu funksiya yalnız ona məxsusdur. Nəzarət yalnız o halda daha effektiv olur ki, onu həyata keçirənlərin peşəkarlığı yüksək olsun, beynəlxalq təcrübəni tətbiq etməyi bacarsın və ümumiyyətlə, nəzarət sferasına aid olan hər bir element bu nəzarətlə əhatə oluna bilsin. Ali audit orqanlarının işinin qiymətləndirilməsində bu aspektlər diqqətdə saxlanılır, amma hələ ki, Hesablama Palatası dövlət büdcəsi xərclərinə nəzarətin beynəlxalq təcrübədə tələb olunan minimum səviyyəsini təmin etmir.

Nəzarətin beynəlxalq standartlar və ən yaxşı təcrübələrə yaxınlaşması üçün çoxlu sayda təlimlərə ehtiyac vardır. Həmçinin müasir çağırışlara uyğun olaraq informasiya texnologiyalarından istifadə bacarıqları güclənməlidir və bu, həm İT auditinin keçirilməsi, həm də dövlət vəsaitlərinin icrası ilə bağlı daxil olan geniş məlumat bazasının işlənilməsini nəzərdə tutur. Analitik təhlillərin aparılması yolu ilə vəsaitlərin səmərəli istifadə edilməsi sahəsində səriştəmiz artırılmalıdır. Nəticədə Hesablama Palatası tərəfindən hazırlanan və təqdim edilən rəylər və hesabatlardan millət vəkillərinin daha çox faydalanmasına imkanlar yaranar ki, bu, bizim üçün xüsusilə əhəmiyyətlidir.

©Report

Son xəbərlər
Digər xəbərlər