2022-ci ilin yanvar-sentyabr aylarında ölkədə 24,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Energetika Nazirliyindən Banker.az-a verilən məlumata əsasən, respublika üzrə neft hasilatının 15,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,3 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,8 milyon ton təşkil edib.
Hesabat dövründə 19,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 18,6 milyon tona yaxın konsorsiumun, 1,1 milyon tonu isə SOCAR-ın payına düşür.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 oktyabr 2022-ci il tarixinədək 600,9 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 561,8 milyon ton neft, “Şahdəniz”dən isə 39,1 milyon ton kondensat çıxarılıb. Bundan cari ilin 01 oktyabr tarixinədək 599 milyon tonu ixraca nəql edilib.
2022-ci ilin 9 ayı ərzində ölkədə neftin emalı 4,5 milyon ton təşkil edib.