Azəri-Çıraq-Günəşli (AÇG) yataq blokunda 2026-cı ilin ilk yarısında ümumilikdə 12 quyu qazılaraq tamamlanıb. Bu quyulardan 7-si neft hasilatı, 3-ü su injektoru, 2-si isə qaz injektoru quyusu olub.
Banker.az bunu “BP Azərbaycan”ının rüblük hesabatına istinadən xəbər verir.
Banker.az xəbər verir ki, ilin ilk rübündə AÇG-də 2 neft hasilatı, 3 su injektoru və 1 qaz injektoru quyusu olmaqla ümumilikdə 6 quyu qazılıb tamamlanmışdı. Beləliklə, ikinci rübdə daha 5 neft hasilatı və 1 qaz injektoru quyusunun tamamlanması ilə yarımillik göstərici 12 quyuya çatıb.
Quyuqazma fəaliyyətində ən diqqətçəkən nəticələrdən biri Qərbi Azəri platformasından qazılmış C44 neft hasilatı quyusudur. Bu quyu Xəzərdə indiyədək qazılmış ilk multilüləli quyu olmaqla AÇG layihəsi üçün əlamətdar nailiyyət hesab olunur. Quyu təhlükəsizlik baxımından yüksək göstəricilərlə qazılıb və planlaşdırılan vaxtdan bir ay əvvəl təhvil verilib.
Multilüləli quyu texnologiyasının AÇG-də tətbiqi yatağın yetkin mərhələsində neftvermənin maksimuma çatdırılması və hasilatın uzunmüddətli davamlılığının təmin edilməsi baxımından əhəmiyyət daşıyır.
İllik müqayisədə də AÇG-də quyuqazma fəaliyyətində artım qeydə alınıb. 2025-ci ilin ilk yarısında yataqda 3 neft hasilatı, 3 su injektoru və 1 qaz injektoru quyusu olmaqla ümumilikdə 7 quyu qazılıb tamamlanmışdı. 2026-cı ilin eyni dövründə isə tamamlanan quyuların sayı 12-yə yüksəlib. Bu, illik müqayisədə 5 quyu və ya 71,4% artım deməkdir. Xüsusilə neft hasilatı quyularının sayı 3-dən 7-yə yüksələrək iki dəfədən çox artıb.
İyunun sonunda AÇG-də istismarda olan neft hasilatı quyularının sayı 150-yə çatıb. Bununla yanaşı, 51 su injektoru və 11 qaz injektoru quyusu fəaliyyət göstərib. Birinci rübün sonunda bu göstəricilər müvafiq olaraq 149, 50 və 11 quyu idi. 2025-ci ilin iyun ayının sonunda isə AÇG-də 143 neft hasilatı, 46 su injektoru və 10 qaz injektoru quyusu istismarda olub.
AÇG-də quyuqazma ilə yanaşı, Dərinsulu Günəşli sahəsində sualtı müdaxilə proqramı da genişləndirilib. Hesabatda deyilir ki, birinci rübdə ilk quyuda sualtı müdaxilə işi tamamlandığı halda, ilin ilk yarısında artıq beş quyuda bu işlər uğurla başa çatdırılıb, hazırda isə altıncı quyuda əməliyyatlar davam edir.
AÇG-də quyuqazma fəaliyyətinin genişlənməsinə baxmayaraq, 2026-cı ilin ilk yarısında neft hasilatı ümumi olaraq sabit qalıb. Altı ay ərzində yataqdan təxminən 59 milyon barel, yaxud 8 milyon ton neft hasil edilib. Gündəlik orta hasilat 323 min barel təşkil edib.
Birinci rübdə gündəlik orta hasilat 325 min barel olub. Bu isə ikinci rübdə gündəlik hasilatın təxminən 321 min barel səviyyəsində formalaşdığını göstərir.
Ötən ilin ilk yarısında AÇG-dən gündəlik orta hesabla 327 min barel, ümumilikdə isə təxminən 59 milyon barel neft hasil edilmişdi. Beləliklə, illik müqayisədə ümumi hasilat faktiki olaraq dəyişməsə də, gündəlik orta hasilat 327 min bareldən 323 min barelə, yəni 4 min barel və ya 1,2% azalıb.
Platformalar üzrə müqayisədə 2026-cı ilin ilk yarısında Çıraqda gündəlik hasilat 19,3 min barel, Mərkəzi Azəridə 88 min, Qərbi Azəridə 73,3 min, Şərqi Azəridə 45 min, Dərinsulu Günəşlidə 47 min, Qərbi Çıraqda 24 min və ACE-də 26,4 min barel təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 21 min, 86 min, 75 min, 42 min, 54 min, 24 min və 25 min barel olub.
Beləliklə, illik müqayisədə hasilatın ən böyük azalması Dərinsulu Günəşlidə – gündə 7 min barel, Çıraq platformasında isə 1,7 min barel olub. Əvəzində Mərkəzi Azəridə 2 min, Şərqi Azəridə 3 min, ACE-də isə 1,4 min barel artım qeydə alınıb. Qərbi Çıraq üzrə hasilat dəyişməyib.
AÇG-də 2026-cı ilin ilk yarısında quyuqazma fəaliyyətinin sürətlənməsi, o cümlədən ilk multilüləli quyunun tamamlanması ilə yanaşı, yatağın sərbəst təbii qaz mərhələsinə keçməsi də hasilat portfelinin şaxələndirilməsi baxımından mühüm yenilik olub. İlk sərbəst təbii qaz hasilatı Qırmakıaltı Qumlu lay dəstində başlanıb və hasil olunan qaz-kondensat mövcud AÇG infrastrukturu vasitəsilə Səngəçal terminalına göndərilir.







