12 C
Baku
Saturday, November 23, 2024

“Azəri-Çıraq-Günəşli”dən qaz hasilatı 200 milyard kubmetri ötüb

2022-ci ilin yanvar-dekabr ayları üzrə operativ məlumatlara əsasən, ötən il ərzində Azərbaycanda 46,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 13,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 25,2 milyard kubmetri “Şahdəniz”dən, 8,1 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2021-ci ilə nisbətən 6,5 faiz, yəni 2,9 milyard kubmetr artımla qaz hasil edilib.

Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat verilib.

Hesabat dövründə xaricə qaz satışı 22,3 milyard kubmetr təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 18 faiz çoxdur. Yanvar-dekabr aylarında Avropaya 11,4 milyard kubmetr, Türkiyəyə 8,4 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP vasitəsilə bu müddətdə 5,6 milyard kubmetrə yaxın qaz nəql olunub.

Nazirlikdən verilən məlumata əsasən, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 203,4 milyard kubmetr, “Şahdəniz”dən isə 182,8 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 128 milyard kubmetrə yaxın həcmi ixraca nəql olunub.

Son xəbərlər
Digər xəbərlər