Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağındakı yeni “Azəri Mərkəzi Şərqi” (ACE) platformasında dünən ilk hasilat quyusunun qazılmasına başlanıb.
Bu barədə AÇG yatağının işlənməsi layihəsinin operatoru olan BP şirkətindən məlumat verilib.
Bildirilib ki, bundan əvvəl bu ilin avqust ayında Bayıl tikinti-quraşdırma sahəsindən dənizə yola salınmış ACE platformasının üst modullarının dənizdə bütün quraşdırma işləri və istismar sınaqları təhlükəsiz şəkildə tamamlanıb.
Quyunun ümumi dərinliyinin 3 188 metrədək olacağı planlaşdırılır və bu dərinliyə çatmaq üçün qazma işlərinin təxminən üç ay cəkəcəyi gözlənilir.
“Biz ACE platformasında ilk hasilat quyusunun qazılmasına başlamaqdan çox məmnunuq və sevinirik. Bu, bizə 2024-cü ilin əvvəllərinə nəzərdə tutulmuş ilk ACE neftinin əldə olunmasına imkan verəcək”, – deyə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib.
Onun sözlərinə görə, qazma proqramının təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin etmək üçün geniş hazırlıq işləri aparılıb: “Bütün bunların əsasında bu sahədə olan təcrübəmiz, innovativ yanaşmalar, eləcə də avtomatlaşdırılmış proseslər və qabaqcıl texnologiyalardan geniş istifadə durur. ACE platformasında bu ilk hasilat quyusunu təhlükəsiz, səmərəli və qrafikə uyğun şəkildə tamamlayacağımıza inanırıq”.
Qeyd edək ki, 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. ACE Xəzər dənizinin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yerləşən yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platformasıdır. Bu layihəyə həmçinin yeni yataqdaxili sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG Faza 2 sualtı ixrac kəmərlərinə qoşulacaq. Bundan əlavə, laya vurulan suları “Mərkəzi Azəri” kompressiya və suvurma platformasından ACE qurğularına nəql etmək məqsədilə ACE və Şərqi Azəri platformaları arasında suvurma boru xətti olacaq. ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində 300 milyon barelədək neftin hasil olunacağı proqnozlaşdırılır. Layihənin pik dövründə Azərbaycanda ACE layihəsinin tikinti işlərinə 8 500 nəfərdən çox işçi cəlb edilib.