Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda tikilən “Azəri Mərkəzi Şərqi” (ACE) platformasından ilk hasilat quyusunun qazılmasına bu yaxınlarda start veriləcək.
ACE platformasının üst modulları inşa edildiyi bu gün Bayıl tikinti-quraşdırma sahəsindən dənizə yola salınıb.
“Üst modulların növbəti günlər ərzində təhlükəsiz şəkildə dayaq blokunun üzərinə quraşdırılacağını planlaşdırırıq. Bundan sonra isə platformadan ilk hasilat quyusunun qazma işlərinə başlamaq və 2024-cü ilin əvvəlində ilk nefti əldə etmək üçün dənizdə quraşdırma işlərinin və istismar sınaqlarının tamamlanmasına bizə bir neçə ay lazım olacaq“, – BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz bildirib.
Onun sözlərinə görə, qeyd olunan platforma Səngəçal terminalından, yəni uzaq məsafədən, idarə ediləcək və bu mənada Xəzərdə sahildən idarə edəcəyimiz ilk dəniz platforması olacaq. 19600 ton çəkisi olan üst modulların tikintisinə 2019-cu ildə başlanıb və tikinti işləri möhtəşəm təhlükəsizlik göstəricisi ilə, yəni heç bir xəsarətə yol vermədən 21 milyon saat iş yerinə yetirilməklə tamamlanıb. ACE platformasının üst modulları neft və qaz emalı qurğularından, qazma qurğusu və avadanlığı kompleksindən, qaz kompressorundan və yaşayış bloklarından ibarətdir. Üst modullar Bayılda yerləşən tikinti-quraşdırma sahəsində “Azfen” şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilib.