®Azərikard-ın fövqəladə hallarda fasiləsiz işləmək qabiliyyəti sınaqdan keçirilib. Xidmətin data mərkəzi heç bir kəsinti olmadan işləyib.
Azərikard kritik infrastruktur sənayesində yeni bir mühüm uğura imza atmışdır. 22 oktyabr 2024-cü il tarixindən 23 oktyabr 2024-cü il tarixinə keçən gecə şirkət fövqəladə hallar planlarının yoxlanılması məqsədilə texniki sınaqlar keçirmişdir.
Şirkətdən verilən məlumata görə, bu sınaqlar xüsusilə ona görə diqqətəlayiqdir ki, Azərikard ölkənin ödəniş sənayesində fövqəladə hallar planlarını sistematik şəkildə yoxlayan nadir şirkətlərdən biridir. Tədbirin əsas məqsədi, Azərikard-a məxsus olan iki müasir data mərkəzinin fövqəladə hallarda fasiləsiz işləmək qabiliyyətini sınaqdan keçirmək idi. Sınaqlar planlı şəkildə gecə saatlarında keçirilmiş və xidmətlərin təchizatında heç bir kəsinti olmadan uğurla tamamlanmışdır.
“Bu cür sınaqlar, bank və maliyyə sektorunda risklərin azaldılması və sistemlərin etibarlılığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərikard peşəkarlığı və məsuliyyətli yanaşması ilə sektorda lider mövqeyini daha da gücləndirməkdədir. Gələcəkdə bu cür sınaqların mütəmadi olaraq keçirilməsi planlaşdırılır ki, bu da tərəfdaşların etimadını daha da möhkəmləndirəcək və xidmət keyfiyyətini yüksəldəcəkdir”, – məlumatda bildirilir.