“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azəripək” MMC 2020-ci ili 268 min 307 manat zərərlə başa vurub. 2019-cu ili isə “Azəripək” MMC 262 min manat zərərlə başa vurmuşdur.
Banker.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə şirkətin zərəri 2.3% artıb.
2021-ci il yanvarın 1-nə “Azəripək”in aktivləri 11 milyon 277 min manat olub ki, bu da illik müqayisədə 18.3% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 65% artaraq 3 milyon 751 min manata, balans kapitalı isə 3.6% artaraq 7 milyon 526 min manata çatıb.
Xatırladaq ki, “Azəripək” 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalat, burucu sex, qeyri-istehsal sahələrinə isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələri daxildir.