İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və “Azəriqaz” İstehsalat Birliyi arasında müqavilə imzalanıb.
Banker.az xəbər verir ki, müqaviləyə əsasən, “Azəriqaz” İB-nin “Sayğacların müayinəsi laboratoriyası”nın idarə edilməsi AzMİ tərəfindən həyata keçiriləcək. Müqavilə 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Laboratoriyada məişət və sənayedə istifadə olunan ölçmə vasitələrinin yoxlanılması, bu vasitələrin metroloji tələblərə (xəta normalarına) uyğunluğunun təyin və təsdiq edilməsi, sənaye tipli sayğacların, həcm korrektorlarının təmiri və kalibrlənməsi işləri icra olunacaq. Həmçinin qaz sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən edilməsi tədbirləri həyata keçiriləcək.
Qeyd edək ki, bu prosesin gələcəkdə digər kommunal xidmət sahələrini də əhatə etməsi gözlənilir.