“Azəriqaz” İstehsalat Birliyi Azərbaycanda fəaliyyət göstərən bir neçə şirkətə qarşı iddia qaldırıb. Onlardan biri də “ASK Ayaqqabı Fabriki” MMC-dir.
Banker.az xəbər verir ki, Azərbaycanda yeganə qaz təchizatçısı olan “Azəriqaz” kommersiya məhkəmələrinə müraciət etməsinə səbəb, təbii qaz istifadəsindən yaranan borcun ödənilməsi ilə bağlıdır.
“ASK Ayaqqabı Fabriki” Azərbaycan Sənaye Korporasiyasının (ASK) tərkibində olan müəssisələrdən biridir.
“ASK Ayaqqabı Fabriki” Azərbaycan Respublikasının Güc Nazirlikləri üçün (Müdafiə Nazirliyi, DİN-nin Daxili Qoşunları, AR DİN-in Təchizat İdarəsi, AR Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti – Milli Qvardiya) təbii dəridən uzunboğaz əsgər və dənizçi botları, zabit heyəti və qadın hərbi qulluqçuları üçün yay və qış çəkmələri, kazarma və hospital başmaqları, o cümlədən istehsalatda, tikintidə, limanda, dəmir yollarında çalışan fəhlələr üçün xüsusi ayaqqabılar, həmçinin kişi və qadınlar üçün müxtəlif çeşiddə ayaqqabılar, idman ayaqqabıları istehsal edir. Bu barədə ASK-nin rəsmi səhifəsində də qeyd edilir.
Müəssisədə bir növbəli iş rejimi şəraitində gündəlik ayaqqabı istehsalı – 1520 cüt təşkil edir.
Fabrikin 10.9 milyon manat nizamnamə kapitalı vardır.