Mexaniki-elektron qaz sayğaclarında güzəştli limit həddinə dair hesabat hər il yanvar ayının ilk ongünlüyündə aparılır. Belə ki, bu qaz sayğaclarında göstəricilərin fiziki olaraq oxunuşu yanvar ayının ilk 4 günü bayram gününə düşdüyündən həmin ayın 10-dək davam edə bilər.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, göstəricilərin oxunduğu gün abonent üçün hesabat dövrüdür və həmin gündən etibarən o, yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlayır. Yekunda illik oxunuş 365 günü tam əhatə edəcək. Əgər abonent istifadə etdiyi mexaniki-elektron qaz sayğacının göstəricisinin daha tez qeydə alınmasını istəyərsə, o halda, dekabrın 31-dən yanvarın 1-nə keçən gecədən etibarən sayğacın göstəricisinin aydın görünən foto şəklini çəkərək (+99477) 3 104 104 saylı “Whatsapp” nömrəsinə göndərə bilər.
Bir şərtlə ki, mobil telefonla çəkilən foto şəklin üzərində çəkilmə tarixi əksini tapsın. Bu fotolar hesabat məlumatları bazaya yüklənərkən həmin tarixlə qeydə alınacaq. Əvvəlcədən ödənişli sayğaclarda isə dekabr ayının 31-i gecə saat 00:00-dan etibarən yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlanılır.