8 C
Baku
Wednesday, December 17, 2025

“Azəristiliktəchizat”: Serbiyanın mərkəzləşdirilmiş istilik sistemi ilə bağlı nümunəsi Azərbaycan üçün işlək model ola bilər

“Azəristiliktəchizat” ASC mərkəzləşdirilmiş istilik təchizatı sahəsində Qərbi Avropa ölkələrinin təcrübəsi ilə tanışlıqdan sonra Balkan və digər Şərqi Avropa ölkələrinin modellərini araşdırır.

Bu barədə ASC-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və “Azəristiliktəchizat” ASC nümayəndələrindən ibarət heyət Serbiyaya işgüzar səfər edib. Səfər çərçivəsində Avropanın ən iri istilik stansiyalarından biri olan “Yeni Belqrad” istilik stansiyası, eləcə də Belqrad və Novi Sad şəhərlərində yerləşən bir sıra istilik stansiyaları, qazanxanalar, kogenerasiya qurğuları və istilik məntəqələri ilə tanışlıq aparılıb.

Nümayəndə heyətinə müxtəlif təyinatlı qazanxana və şəbəkə avadanlıqları, SCADA əsaslı rəqəmsal idarəetmə sistemləri təqdim olunub, texniki istismar rejimləri və istilik enerjisinin satışının təşkili ilə bağlı məsələlər izah edilib.

Qurumdan bildirilib ki, avtomatizasiya və rəqəmsal idarəetmə texnologiyalarının tətbiqi, əməliyyat rejimlərinin səmərəliləşdirilməsi, sayğaclaşma və uçotun optimallaşdırılması “Azəristiliktəchizat” üçün prioritet istiqamətlərdəndir. Qeyd olunub ki, Balkan ölkələrinin istilik təchizatı sistemlərinin tarixi inkişaf yolu, texniki xüsusiyyətləri və iqlim şəraiti Azərbaycanın mərkəzləşdirilmiş istilik təchizatı modeli ilə oxşarlıq təşkil edir.

“Məhz bu səbəbdən Qərbi Avropa ölkələrinin təcrübəsi ilə tanışlıqdan sonra Balkan və digər Şərqi Avropa ölkələrinin modellərinə maraq artıb. Bu ölkələr arasında Serbiya müasir standartlara cavab verən istilik təchizatı sistemi ilə seçilir. “Yeni Belqrad” istilik stansiyası isə Avropanın ən böyük istilik enerjisi mənbələrindən biri hesab olunur. Hazırda Serbiyanın 60-dan çox yaşayış məntəqəsində müxtəlif istilik təchizatı şirkətləri fəaliyyət göstərir”, – ASC-dən bildirilib.

“Azəristiliktəchizat” qeyd edir ki, səfər çərçivəsində Serbiyanın Mədənçilik və Energetika Nazirliyində nazir müavini Maya Vukadinoviç və digər rəsmi şəxslərlə görüşlər keçirilib, Belqrad və Novi Sad şəhərlərinin istilik təchizatı müəssisələri ilə müzakirələr aparılıb, sənaye obyektlərinə baxış olub. Həmçinin Belqradda təşkil edilən “İstilik, Ventilyasiya və Havanın Kondisiyalaşdırılması” (HVAC) sərgisi ziyarət edilib, Avropanın aparıcı mühəndis şirkətləri ilə görüşlər keçirilib.

Qeyd edilib ki, Serbiyada bütün qazanxanalar və istilik məntəqələri tam rəqəmsallaşdırılıb. Temperatur və təzyiq rejimləri ətraf havanın temperaturuna uyğun olaraq avtomatik tənzimlənir, avadanlıqların əsas parametrləri dispetçer mərkəzlərindən real vaxt rejimində nəzarətdə saxlanılır. Nasazlıq və ya normadan kənarlaşma halları operativ şəkildə aşkar edilərək aradan qaldırılır.

Bildirilib ki, rəqəmsal idarəetmə sistemləri təhlükəsizliyi artırır, yanacaq sərfiyyatına qənaət edir, işçi qüvvəsinə tələbatı azaldır və xidmət səviyyəsini yüksəldir. Kiçik təmir işləri təchizatçı şirkət tərəfindən, daha iri həcmli təmir işləri isə autsorsinq əsasında ixtisaslaşmış podratçı şirkətlər tərəfindən həyata keçirilir.

Məlumata görə, Serbiyada istilik təchizatı tarifi sabit və dəyişən hissələrdən ibarətdir: “Dəyişən hissə yanacağın alış qiyməti və sərfiyyatından asılı olaraq dəyişir. Sabit hissə isə istilik şəbəkəsinə qoşulmuş bütün mənzillər tərəfindən, istifadədən asılı olmayaraq, məcburi şəkildə ödənilir. Bu qayda mərkəzləşdirilmiş istilikdən istifadə etməyən mənzillərə də şamil olunur və Avropanın bir çox ölkəsində tətbiq edilir”.

Vurğulanıb ki, mərkəzləşdirilmiş istilik çoxmənzilli binalarda fərdi deyil, ümumi xidmət hesab olunur. Serbiya qanunvericiliyinə əsasən, yeni tikilən çoxmənzilli binalarda yalnız mərkəzləşdirilmiş istilik təchizatı, mənzil əsaslı sayğaclaşma və fərdi tənzimləmə imkanları nəzərdə tutulur.

Həmçinin qeyd edilib ki, Serbiyada bütün binalarda istilik sayğacları quraşdırılıb, yeni binalarda isə mənzil üzrə sayğaclaşdırma aparılır. Hesablaşmalar bəzi hallarda sayğac göstəricilərinə, bəzi hallarda isə mənzilin sahəsinə əsaslanır. Qış mövsümündə hesablanan məbləğin ödənişi abonentlər üçün 12 ay üzrə bərabər bölünür.

“Belə şəraitdə fəaliyyət göstərən istilik təchizatı şirkətləri əməliyyat xərclərini tam ödəyə bilir, yeni investisiya layihələri isə əsasən dövlət subsidiyaları və qrantlar hesabına maliyyələşdirilir”, – ASC-dən bildirilib.

Bildirilib ki, Serbiya nümunəsi göstərir ki, son illər ərzində hazırlanmış islahat təklifləri artıq bir sıra ölkələrdə uğurla tətbiq olunub və Azərbaycanın istilik təchizatı sektoru üçün də işlək model ola bilər.

“Azəristiliktəchizat” ASC gələcəkdə digər post-sosialist Şərqi Avropa və bəzi Asiya ölkələrinin istilik təchizatı sistemləri ilə tanışlıq məqsədilə işgüzar səfərlər planlaşdırır. Qurum hesab edir ki, bu ölkələrin iqlim və bazar xüsusiyyətləri Azərbaycanla oxşarlıq təşkil etdiyindən, onların təcrübəsinin öyrənilməsi və yerli reallıqlara uyğunlaşdırılması praktik baxımdan səmərəli ola bilər.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər