SOCAR-ın “Azərkimya” İstehsalat Birliyi (İB) 2020-ci ilin II rübündə Etilen-Polietilen zavodunu yenidənqurma və modernləşdirmə işlərindən sonra istismara verməyi planlaşdırır. Bu barədə bu gün birliyin baş direktorunun sərmayə və inkişaf üzrə müavini Orxan Cəfərov məlumat verib.
“2020-ci ilin I rübündə müəssisədə yeni və yenidən qurulmuş qurğular üzrə tikinti-quraşdırma işləri başa çatacaq. Etilen-Polietilen Zavodu aparılan modernizasiya və yenidənqurmadan sonra 2020-ci ilin II rübündə tam olaraq yeni konfiqurasiyada istismara veriləcək.”, – deyə o, bu gün Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya” forumunda bildirib.
O.Cəfərov qeyd edib ki, hazırda layihə çərçıvəsində işlər 99,8%, təchizat 96,4%, tikinti 51% tamamlanıb.
Layihənin icrasından sonra zavodda etilen istehsalının həcmi ildə 100-105 min tondan 192 min tona, propilen istehsalının həcmi 50-55 min tondan 187 min tona çatdırılacaq.
2016-cı il noyabr ayının 5-də “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun yenidən qurulması layihəsi çərçivəsində “TECHNİP İTALY S.p.A.” şirkəti və SOCAR arasında EPC müqaviləsi imzalanıb.
©Interfaks-Azərbaycan