Dövlətə məxsus avtmobil istehsalçısı “Azərmaş Group” MMC 2025-ci ilin ilk yarısında 6.06 milyon manat xalis mənfəəti əldə edib. Halbuki, 2024-cü ilin eyni dövründə bu rəqəm 3.24 milyon manat idi. Bu, şirkətin xalis mənfəətində 87 faizlik əhəmiyyətli artım deməkdir.
Banker.az xəbər verir ki, 2025-ci ilin yanvar–iyun aylarında satış gəlirləri 36.3 milyon manat təşkil edərək ötən ilin analoji dövrü ilə müqayisədə 19.8 milyon manatdan 83 faiz çox olub. Satışların maya dəyəri də artaraq 13.6 milyon manatdan 27.8 milyon manata yüksəlib (artım təxminən 105 faiz). Buna baxmayaraq, ümumi mənfəət 6.2 milyon manatdan 8.5 milyon manata qalxıb və 36.7 faiz artım qeydə alınıb.
İnzibati xərclər 2025-ci ildə 668.7 min manat təşkil edərək 2024-cü illə müqayisədə 36 faiz yüksəlib. Bunun əksinə olaraq, satış və paylaşdırma xərcləri 1.42 milyon manatdan 916.5 min manata enib – bu da xərclərdə 35.5 faizlik azalma deməkdir. Nəticədə əməliyyat mənfəəti 4.29 milyon manatdan 6.89 milyon manata qalxaraq 60.7 faiz artıb.
Maliyyə xərcləri 27.7 min manatdan 51 min manata yüksəlib (84 faiz artım). Şirkətin xalis məzənnə fərqi gəlirləri 145.9 min manatdan 152.5 min manata yüksələrək 4.6 faiz artım göstərib. Digər gəlirlər 84.8 min manatdan 541.1 min manata yüksəlib və bu sahədə artım 538 faiz olub. Digər xərclər isə kəskin şəkildə artaraq 151.8 min manatdan 611.7 min manata çatıb (təxminən 303 faiz artım).
Vergidən əvvəl mənfəət 2024-cü ilin 4.05 milyon manatından 2025-ci ildə 6.62 milyon manata yüksəlib – artım 63.5 faizdir. Mənfəət vergisi xərci isə 809.7 min manatdan 557.4 min manata düşüb və 31 faiz azalıb.








