8 C
Baku
Tuesday, March 4, 2025

“Azərpambıq” mənfəətdən zərərə keçib – Türkiyədəki zəlzələ ilə əlaqələndirilir

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin xalis mənfəət göstəricisi isə 2022-ci ildə 26.7 milyon manat olduğu halda, 2023-cü ildə 8.39 milyon manat zərərə çevrilib.

Banker.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, azalma deməkdir.

2023-cü ildə “Azərpambıq”ın ümumi gəliri 64.14 milyon manat  təşkil edib ki, bu da 2022-ci illə müqayisədə (120.36 milyon manat) demək olar ki, iki dəfə azdır. Əlavə olaraq 65 milyon manatlıq satışların və istehsalın maya dəyərini belə qarşılamayıb.

Əsas azalma pambıq lifinin satışından əldə olunan gəlirdə müşahidə edilib. 2023-cü ildə bu göstərici 34.66 milyon manat olduğu halda, 2022-ci ildə 86.30 milyon manat təşkil edib. Pambıq toxumlarının satışından əldə olunan gəlir də 17.23 milyon manatdan 12.11 milyon manat-ə düşüb. Digər gəlirlərdə də kəskin azalma var.

Azalmanın əsas səbəbi kimi 2023-cü ildə Türkiyədə baş verən zəlzələ göstərilir. Zəlzələ nəticəsində Türkiyə şirkətlərinin pambıq liflərinə olan tələbatı azalıb və bu da şirkətin satışlarına mənfi təsir etdiyi bildirilir.

Ümumi mənfəət də kəskin şəkildə azalıb. 2022-ci ildə 38.9 milyon manat olan ümumi mənfəət, 2023-cü ildə 18.5 milyon manata düşüb ki, bu da 52.4% azalma deməkdir.

Satılmış malların maya dəyəri 2023-cü ildə 65.8 milyon manat olub ki, bu da 2022-ci illə müqayisədə 19.0% azalıb. Əməliyyat və inzibati xərclər 7.9 milyon manat səviyyəsində sabit qalıb.

2023-cü ildə şirkətin ümumi aktivləri 242.6 milyon manat olub ki, bu da 2022-ci ilin göstəricisindən 5.9% yüksəkdir. Bu artım əsasən cari aktivlərin 11.9% artması ilə bağlıdır.

Şirkətin öhdəlikləri isə 2022-ci illə müqayisədə 52.1% artaraq 69.7 milyon manata yüksəlib. Bu artım əsasən kreditor borcları və digər öhdəliklər hesabına baş verib.

Bölüşdürülməmiş mənfəət isə 48.9 milyon manatdan 39.2 milyon manata düşüb ki, bu da 19.8% azalma deməkdir. Buna səbəb hesabat müddətində bölüşdürülməmiş mənfəətindən 1.3 mln. manat dividend ödəməsidir.

 

Son xəbərlər
Digər xəbərlər