Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub.
“Banker.az”a bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilərək bildirilib ki, “Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunması ilə bağlı təşkil olunan onlayn iclasda qurumun Baş direktoru Emin Əfəndiyev çıxış edib.
Emin Əfəndiyev vurğulayıb ki, “COVID-19” pandemiyası dövründə “Azərpoçt” MMC beynəlxalq sahədə öz fəaliyyətini Ümumdünya Poçt İttifaqının, ölkə daxilində isə ÜPİ, eləcə də Azərbaycan hökumətinin tələb və tövsiyələrinə uyğun layiqincə yerinə yetirir.
Baş direktor ötən dövr ərzində Avropa Poçt İttifaqının üzvü olmamasına baxmayaraq, “Azərpoçt” MMC-nin bu qurumun bir çox toplantılarına dəvət alaraq onların işində müşahidəçi qismində aktiv iştirak etdiyini bildirib.
Sonda Avropa Poçt İttifaqının üzvü olan 53 ölkə arasında Azərbaycanın quruma üzv qəbul olunması üçün qapalı səsvermə keçirilib. Nəticədə “Azərpoçt” MMC Avropa Poçt İttifaqının üzvlüyünə qəbul edilib.