“Şamaxı Dairy Farm” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu tərtib edilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, “Şamaxı Dairy Farm” MMC barəsində Dövlət Statistika Komitəsi İnzibati Xətalar Məcəlləsinin 389-cü maddəsi – statistik məlumatların verilməsi qaydalarının pozulması üzrə protokol tərtib edilib.
İş Kürdəmir Rayon Məhkəməsinə göndərilib və işə baxan hakim Müseyib Bayramovdur.
İXM-in 389-cü maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə – üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
“Şamaxı Dairy Farm” 2013-cü il tarixində istismara verilib. “Azərsun Holdinq” tərəfindən Kürdəmir rayonunda 10 hektar ərazidə inşa edilib. Fabrikdə “AzərSüd”, “Yurdum”, “Kulinarka”, “Luga”, “Zoluşka”, “Bizim Aşpaz”, “Sun”, “Bizim Süd”, “Gülüm” markaları adı altında müxtəlif yağlılıqda və çeşiddə UHT süd, qaymaq, xama, kəsmik və qatıq çeşidləri, müxtəlif pendir çeşidləri, qatılaşdırılmış süd, ənənəvi kərə yağı, ayran, kefir istehsal edilməkdədir.