Düşənbədə keçirilən Tacikistan-Azərbaycan İnvestisiya Forumunda hər iki ölkədən enerji, kənd təsərrüfatı, qida sənayesi, İKT, maliyyə, turizm və əczaçılıq sahələrini təmsil edən 170-dən çox şirkət iştirak edib. Forumda iki ölkənin müvafiq qurumları arasında anlaşma memorandumları imzalanıb.
Forumda AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Tacikistanın Ticarət və Sənaye Palatasının sədri Cumaxonzod Camşed, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Tacikistanın sənaye və yeni texnologiyalar nazirinin müavini Aziz Nazar, İqtisadi Zonanın İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədrinin müavini Fuad Məhərrəmov, Tacikistanın energetika və su ehtiyatları nazirinin müavini Manuçehra Safarzoda, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədrinin müavini İsmayıl Manafov, Tacikistanın Turizm Komitəsinin sədri Kamoliddinzod Bahoddur və Azərbaycanın Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə iqtisadiyyatın müvafiq sahələrində əlaqələrin genişləndirilməsi, hər iki ölkənin investisiya potensialı, biznes və investisiya mühiti barədə məlumat veriblər.
Tədbir çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası və Tacikistanın Ticarət ve Sənaye Palatası arasında, “Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası” İctimai Birliyi və “Tacikistan İş Qadınlarının Milli Assosiasiyası” arasında, Azərbaycan Beynəlxalq Mədən Şirkəti və Tacikistanın Talco Management şirkəti arasında, eləcə də “AzərTürk Bank” və “Аmonatbonk” arasında anlaşma memorandumları imzalanıb. Forum B2B görüşlərlə davam edib.