Azərbaycanda dövlətin böyük tütün şirkəti bu gün özəl şirkət tərəfindən satın alındı.
Banker.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilmiş investisiya müsabiqəsində dövlətə məxsus “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti “Tabaterra Leaf” QSC tərəfindən satın alınıb.
“Tabaterra Leaf” dövlət şirkətinin 20.33 milyon manat səhmlərindən 8.64 mln. manatını əldə edib.
İndi maraq doğuran sual – “Tabaterra Leaf” nə işlə məşğuldur?
“Tabaterra Leaf” QSC “Tabaterra” QSC-nin törəmə şirkətidir. Şirkət 2021-ci ilin 20 aprelində Milli Gəlirlər Baş İdarəsi tərəfindən Sumqayıt şəhəri, Sülh küçəsi, ev 18, Xovlu İpək Fabrikində dövlət qeydiyyatına alınıb.
“Tabaterra” QSC isə Azərbaycanda 2017-ci ildə yaradılıb. Şirkət həmin ildə də Sumqayıt Kimya Sənaye Parkında rezidentir və tütün məmulatları istehsalı fabrikinə sahibdir.
“Tabaterra” fabrikində 3 formatda olmaqla beynəlxalq standartlara uyğun siqaret istehsal edilir. Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan fabrikdə il ərzində 11 milyard ədəd 3 növdə filtrli siqaretlər istehsal edilir. Layihənin dəyəri 50 milyon dollara yaxındır.
Azərbaycan Prezidentinin İlham Əliyevin 2018-ci ildə bu fabrikin açılışında iştirakı zamanı qeyd edilirdi ki, “Tabaterra”da ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini qarşılaya biləcək gücdədir.
Ümumilikdə, fabrikdə 13 brendin 80 çeşiddə məhsulunun istehsalı edilir. Burada “Tabaterra”nın hər biri 6 çeşiddə “Senate”, “Kingston”, “Argo” adları altında məhsulu istehsal edir.