Emin Məmmədovun “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 18 mart 2021-ci il tarixdə sərəncam imzalayıb.
“Emin Səlhab oğlu Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilsin”, deyə sərəncamda qeyd edilir.
Emin Məmmədov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini Səlhab Məmmədovun oğludur.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov bu il yanvarın 9-da həbs edilmiş, yanvarın 10-da isə vəzifəsindən azad edilmişdi. Həmin tarixdən bu günə qədər səhmdar cəmiyyətinə rəhbərlik müvəqqəti olaraq sədr müavini İslam Qurbanova həvalə edilmişdi.
Xatırladaq ki, “Azərxalça” ölkə Prezidentinin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, Nazirlər Kabinetinin 4 oktyabr 2016-cı il tarixli qərarı ilə onun nizamnaməsi və strukturu təsdiq edilib.
Nizamnamə kapitalı 15 milyon manat olan Cəmiyyətin əsas vəzifəsi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir.