11 C
Baku
Monday, November 18, 2024

Az, amma çox “dadlı”. AMB-dən banklara yüksək və risksiz gəlir təklifi

BANKER.AZ — Azərbaycan Mərkəzi Bankı bazarda pul yığmaq məqsədi ilə 4 fərqli tədavül müddəti üzrə növbəti notlarını hərraclarda yerləşdirib.

Banker.az-a Bakı Fond Birjasından daxil olan məlumata görə, AMB bu həftə də ümumilikdə 4 növ notdan 120 mln. manat cəlb edib.

Mərkəzi Bankın notları 28, 84, 168 və 252 gün üzrə keçirilib.

28 günlük notların orta gəlirliliyi 6.32%-dən 6.7%-ə, 84 günlük 7.38%-dən 7.69%-ə, 168 günlük 8%-dən 8.22%-ə, 252 günlük üzrə isə 8.91%-dən 8.94%-ə yüksəlib.

28 günlük notların gəlirliliyi sonuncu dəfə bu qiymətə 2019-cu ilin mayında olub – Həmin dövrdə orta gəlirlilik 6.76%-dən 6.71%-ə yüksəlib.

NOTLARIN FAİZLƏRİNİN QALXMASI NƏYƏ İŞARƏDİR?

Mərkəzi bankın notları 28, 84, 168 və 252 günlük olmaqla ticarətə buraxılır və təyinatına görə Mərkəzi Bank tərəfindən pul kütləsinin tənzimlənməsi (sterilizasiyası) aləti kimi istifadə olunur. Buraxılış xüsusiyyətlərinə görə notlar istiqrazlarla eyni kateqoriyaya aid edilir və istiqraz forması olaraq diskontlu istiqraz kimi tədavülə buraxılır.

AMB ölkədə uçot faiz dərəcəsini işə salmaq üçün 2022-ci ilin üçüncü rübündən əlində olan alətlərdən “aqressiv” formada istifadə edir ki, istəyəndə faizləri qaldırsın və ya endirsin. Bunu ona görə etmək istəyir ki, ölkədə inflyasiyanın yüksək olduğu şəraitdə dünya prakitkiasındakı kimi istifadə edə bilsin. Lakin Azərbaycanda bu, illərdir bazara təsir edə bilmir.

Yeni baş bankirin belə bir məqsədinin olması özünün dilindən də çıxıb ki, AMB-nin uçot faiz dərəcəsinin işləməsi ilə bazara təsiri artsın. Çünki artıq bir ildən çoxdur AMB sərtləşməyə əl atıb və ehtiyat normalarını 5%-ə qədər artırmaqla kreditləri bahalaşdırmaq istəyir, bazarın reaksiyası isə zəifdir. Bank kreditləri yüksəlmək əvəzinə, aşağı düşür. Bununla da kreditə meyilliliyi azaldıb, depozitə meyilliliyi artırmaq istəyir. Bu, anti-inflyasiya tədbiri kimi işə yararlı alətdir. Requlyator son açıqlamada Banker.az-a bildirdi ki, bunun təsirini görmək üçün 8 rüb lazımdır. Çünki, ölkə banklarının maliyyə vəsaitlərinin böyük hissəsi AMB-nin “iradəsindən kənar” dövr edir.

Mərkəzi Bank məhz bu səbəbdən ötən ilin son rübü uçot faiz dərəcəsinin aşağı həddini 6.25%-dən 4.00%-ə endirdi. Bununla banklardan daha aşağı faiz xərci ilə vəsait cəlbi məqsəd qoyulmuşdu. Hər həftəyə AMB 120 mln. manatlıq vəsaiti “pul soran maşın” saydığımız notlarla bazardan çəkməyə başladı.

Lakin indi bu da faktdır ki, pul siyasətinin transmisyası ən çox dövlət istiqrazları və notlarda müşahidə edilir. Belə ki, notların ödəniş faizləri hərracdan-hərraca yüksəlir.

Bəs faizlərin yüksəlməsinin kredit bazarına təsiri ola bilərmi?

Azərbaycanda kreditlərdə ən yüksək pay real sektora, yaxud sadə dillə desək, biznesə yönəldilən kreditlərə düşür. Biznes kreditləri əksər vaxtları istehlak kreditindən daha aşağı faizlə verilir. Bu zaman ölkədə hər hansısa bankın riski sıfıra yaxın olan notlara yatırım etmək əvəzinə hər hansısa biznesə yönəltməsi inandırıcı deyil. Yəni, Bank hətta 2% bəndi ucuz olan AMB notlarına daha çox pul yatıra bilər, nəinki hansısa makro və mikro iqtisadi təsiri ilə riski çox olan biznesə. İndi biznes kreditlərinin illik ortalama faizi 10%-dir.

Odur ki, AMB-nin notlarının gəlirliliyindəki artım gələcəkdə biznes kreditlərinin və ya istehlak və əmlak kreditlərinin bahalaşmasına təsir edə bilər. Burada önəmli nüans həftəlik həcmin növbəti aylarda 120 mln. manatdan yuxarı qaldırılıb-qaldırılmamasıdır. Bu həcm uğrunda bankların “böyük rəqabətinin” olması şübhəsizdir. Bunu BFB-nin hərraclarındakı rəqabət də göstəririr.

Xatırladaq ki, AMB bu ayın sonu uçot faiz dərəcəsi ilə bağlı ilin ilk qərarını verəcək.

Son xəbərlər
Digər xəbərlər