Hökumət işğaldan azad edilən ərazilərdə sakinlərin öz vəsaitləri hesabına evlərini yenidən tikmələri və bərpa etmələri ilə bağlı etdikləri müraciətlərə münasibət bildirib.
Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı ilə nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində yaşayış məntəqələrinin ərazi planlaşdırılması sənədlərinin hazırlanması davam etdirilir. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Kəlbəcər və Şuşa şəhərlərinin Baş planları Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Qubadlı, Laçın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin Baş planlarının yekunlaşması üzrə işlər davam etdirilir. Bununla yanaşı, ötən dövr ərzində 62 yaşayış məntəqəsinin vahid şəhərsalma əsaslandırılması Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilib, daha 37 yaşayış məntəqəsinin vahid şəhərsalma əsaslandırılmalarının hazırlanması istiqamətində işlər yekunlaşmaq üzrədir. Bu sahədə işlər hazırda da Dövlət Proqramına uyğun olaraq davam etdirilir.
Komitə tərəfindən təsdiq olunan ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq, fərdi yaşayış evlərinin tikilməsi sifarişçi qurumlar tərəfindən həyata keçirilir. Dövlət Proqramı üzrə yaşayış məntəqələrində fərdi yaşayış evlərinin inşası ilə bağlı mərhələli şəkildə tədbirlərin görülməsi üçün əsas icraçı qurum olaraq sifarişçi təşkilatlar müəyyən edilib: “Eyni zamanda, işğaldan azad edilmiş yaşayış məntəqələrinin planlaşdırma sənədlərində təkcə dövlət vəsaiti hesabına tikilən mənzil və fərdi evlər deyil, həm də 20 illik perspektivdə tikiləcək yaşayış fondu da nəzərə alınır. Bununla yanaşı, Dövlət Proqramı üzrə ilk növbədə köçürülməsi müəyyən edilən və əsasən ağır şəraitdə yaşayan əhalinin məskunlaşması təmin edilir. Ərazilərin idarə edilməsini həyata keçirən müvafiq mexanizm müəyyən edildikdən sonra vətəndaşların bu istəyinin təmin olunması mümkün ola bilər. Qeyd etmək lazımdır ki, bu mexanizm tətbiq edilərkən mövcud şəhərsalma norma və qaydaları, qüvvədə olan ərazi-planlaşdırma sənədləri və şəhərlərin memarlıq üslubuna riayət olunması təmin edilməlidir”.