9 C
Baku
Monday, November 18, 2024

Azad edilmiş ərazilərdə sahibkarların kreditlərinə dövlət zəmanəti verilməsi halları müəyyənləşib

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanətinin və faiz subsidiyasının verilməsi halları müəyyənləşib.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, zəmanət işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından manatla almaq istədikləri kreditlərə verilir.

Faiz subsidiyaları zəmanət verilən kreditlərə hesablanaraq ödənilir.

Zəmanət aşağıdakı hallarda verilmir:

– sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatından almaq istədiyi kreditin cəlb ediləcəyi layihə (bundan sonra – layihə) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilmədikdə;

– kredit hesabatına əsasən sahibkarlıq subyektinin kredit almaq üçün müraciət etdiyi tarixə 60 (altmış) gündən artıq (zamin durduğu öhdəliklər istisna olmaqla) davam edən gecikməsi olduqda;

– sahibkarlıq subyektinin hesabları üzərində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda;

– sahibkarlıq subyekti zəmanət üçün müraciət edən müvəkkil kredit təşkilatına aidiyyəti olan şəxs olduqda;

– sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 (əlli) faizdən çox olduqda;

– sahibkarlıq subyekti barəsində (habelə hüquqi şəxsin icra orqanının rəhbəri barəsində həmin hüquqi şəxsin fəaliyyəti ilə bağlı) vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət təqibi və ya inzibati xəta üzrə icraat həyata keçirildikdə;

– sahibkarlıq subyekti Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara əsasən riskli vergi ödəyicisi olduqda;

– sahibkarlıq subyektinin fəaliyyət növü təsərrüfat subyektinin (obyektinin) uçota alınmasını tələb etdiyi halda, belə təsərrüfat subyekti (obyekti) vergi orqanında uçota alınmadıqda;

– sahibkarlıq subyektinin kreditin alınması üçün müraciət etdiyi tarixə fəaliyyəti dayandırılmış olduqda və (və ya) sahibkarlıq subyekti ləğvetmə prosesində olduqda;

– sahibkarlıq subyektinin faktiki fəaliyyəti və göstəriciləri ilə onun vergi ödəyicisinin uçot məlumatları arasında uyğunsuzluqlar aşkar edildikdə.

Balansarxası öhdəliklərə zəmanət və faiz subsidiyası verilmir.

Faiz subsidiyası, dövlət tərəfindən yaradılmış maliyyə institutlarının və fondlarının resursları hesabına verilən güzəştli kreditlər istisna olmaqla, bu Qaydada nəzərdə tutulan şərtlər əsasında zəmanət verilən kreditlərə şamil edilir.

Faiz subsidiyası kreditin illik faiz dərəcəsinin 10 (on) faiz bəndi həcmində və 36 (otuz altı) aydan çox olmayan müddətə verilir. Kreditin illik faiz dərəcəsi 10 (on) faizdən aşağı olarsa, faiz subsidiyası kreditin illik faiz dərəcəsi həcmində verilir. Zəmanət və faiz subsidiyası verilmiş kredit vəsaitindən sahibkarlıq subyektləri yalnız təyinatına uyğun istifadə etməli və bunu müvafiq təsdiqedici sənədlərlə rəsmiləşdirməlidirlər.

Son xəbərlər
Digər xəbərlər