Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.
Dövlət Komitəsindən verilən xəbərə görə, Ermənistan üzərində qələbədən keçən iki ildə bu vəzifələrin icrası istiqamətində böyük işlər görülüb, yeni yol-nəqliyyat infrastrukturu qurulur, şəhər və kəndlərin təməli qoyulur, ilkin mərhələsi başlanmış Böyük Qayıdışın səmərəli təşkilinə zəmin yaradılır.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev qeyd edib ki, dövlət başçısının tapşırıqlarının vaxtında və tələb olunan səviyyədə icra olunması üçün hər bir əməkdaş və sturuktur bölməsi əzmkarlıqla, böyük məsuliyyətlə çalışmalıdır.
Kollegiya iclasında Böyük Qayıdış prosesi, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən salınan yaşayış məntəqələrinə köçürüləcək əhalinin sayının dəqiqləşdirilməsi, tərkibinin və ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə sorğuların aparılması, məcburi köçkünlərin miqrasiya proseslərinin idarə olunması və statusla bağlı sənədləşmə işlərinin təkmilləşdirilməsi, vahid aylıq müavinətin verilməsi, məcburi köçkünlərin istifadəsindəki dövlət xüsusi mənzil fondunun istismar vəziyyəti və qışa hazırlığı sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr haqqında struktur bölmələri rəhbərlərinin məruzələri dinlənilib.
Məruzələr ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.