Azad edilmiş ərazilərin rezidentləri üçün xammal idxalı 10 il müddətinə gömrük rüsumlarından azad ediləcək.
Bununla bağlı “Gömrük tarifi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişiklik layihəsi ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilməsini nəzərdə tutur.
Həmin xammal və materialların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda qəbul edilib.