Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı Tədbirlər Planı müəyyənləşdirilib və beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə konsepsiya qəbul edilib.
Bunu “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Meliorasiya, Kollektor-Drenaj Şəbəkələrinin İstismarı və Kadastr Sektorunun müdiri Riad Axundzadə deyib.
Onun sözlərinə görə, konsepsiyanın əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz, “yaşıl enerji” ilə təmin etmək üçün texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır.
“Ölkənin əlverişli coğrafi iqlim xüsusiyyətləri, özəlliklə Qarabağ və Şərqi Zəngəzurda alternativ və bərpa olunan enerji mənbələrindən, o cümlədən günəş, külək, su resurslarından geniş istifadəyə münbit zəmin yaradır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunub”, – R.Axundzadə bildirib.
O vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə 4 000 MVt-dan artıq günəş, 500 MVt-dək külək enerjisi potensialının mövcud olması əsasında aparılan quruculuq işlərində məhz “yaşıl enerji” layihələrinə üstünlük verilir:
“Eyni zamanda, Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Bu istiqamətdə “yaşıl” elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçın, Kəlbəcər və Suqovuşanda 20,2 MVt gücündə 4 su elektrik stansiyasının bərpası başa çatdırılıb və artıq istismara verilib. Belə ki, Həkəri çayı üzərində yerləşən 8 MVt gücündə “Güləbird” SES, Tərtər rayonu ərazisində yerləşən 4,8 MVt gücündə “Suqovuşan-1” və 3 MVt “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları, o cümlədən 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik stansiyaları işğaldan azad olunmuş ərazilərin və bu ərazilərdə həyata keçirilən infrastruktur layihələrinin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq”.
Sektor müdiri qeyd edib ki, regiondakı digər mühüm enerji obyektləri Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində inşası hazırda davam etdirilən və qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt olan “Qız Qalası” Su Elektrik Stansiyalarıdır:
“Hər iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir və inşasının 2-2,5 il ərzində yekunlaşdırılması nəzərdə tutulur”.
O, Azərbaycanın su ehtiyatları ilə bağlı yaranmış vəziyyətə toxunaraq bildirib ki, onlar ölkə ərazisində qeyri-bərabər paylanıb:
“Əhali, ölkə iqtisadiyyatı və kənd təsərrüfatının suya olan tələbatının təmin edilməsi üçün su ehtiyatlarımızın təxminən 64%-nin mexaniki üsulla nizamlanır. Bu da su təsərrüfatını ölkənin ən böyük enerji istehlakçısı edir. Təkcə 2022-ci ildə kənd təsərrüfatının suvarma suyu ilə təminatı məqsədilə 1,59 GVt elektrik enerjisi və 19,9 min ton dizel yanacağı istifadə olunub ki, məhz su idarəetməsində “yaşıl enerji”dən istifadəni tətbiq etməklə biz ənənəvi enerji şəbəkələrinin yükünü yüngülləşdirə, bununla da dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi arasında tarazlıq yarada bilərik”.
Onun sözlərinə görə, ümumilikdə Azərbaycanın yerli su ehtiyatlarının 25%-i işğaldan azad olunan ərazilərimizdə formalaşır ki, regionun Tərtərçay, Bərgüşadçay, Həkəri çayları və bu çayların qollarında kifayət qədər böyük enerji istehsal gücü hesablanıb:
“Yaxın gələcəkdə 30 MVt gücündə Bərgüşadçay və 43 MVt gücündə Həkəriçay Kiçik Su Elektrik Stansiyalarının inşası ilə bu çayların hidroenerji potensialından da istifadə edilməsi nəzərdə tutulub”.