9 C
Baku
Monday, November 18, 2024

Azad edilmiş ərazilərlə bağlı vergi güzəştləri müəyyənləşir

İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad ediləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu azadolma işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil ediləcək.

ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilməsi, işğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirlərinin 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilməsi də təklif olunur.

İşğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellar) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi həcmində ƏDV-nin fiziki şəxs olan istehlakçılara geri qaytarılması da təklif olunur.

Vergi azadolmaları aşağıdakı fəaliyyət növlərinə və əməliyyatlara şamil edilməyəcək:

– maliyyə xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət;

– avtonəqliyyat vasitələri ilə yük daşıma xidmətləri:

– dövlət büdcəsinin vəsaitləri hesabına podratçı (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) tərəfindən malların (işlərin və xidmətlərin) təqdim edilməsi.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər