16 C
Baku
Friday, April 19, 2024

Azad iqtisadi zonaların yaradılmasının sürətləndirilməsi məqsədilə işçi qrup yaradılıb

Azərbaycan Prezidenti İlham Əliyev azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, son illərdə aparılan davamlı islahatlar siyasəti ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə imkan yaradıb, dinamik sosial-iqtisadi inkişafa təkan verib. Transmilli enerji infrastrukturu və beynəlxalq nəqliyyat layihələrinin Azərbaycanda reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırıb. Heç şübhəsiz, xarici investisiyaların cəlb edilməsi əlverişli coğrafi mövqeyi ilə seçilən ərazilərin logistik və sənaye potensialından tam istifadə olunmasına, iqtisadiyyatımızın daha da möhkəmlənməsinə, büdcə gəlirlərinin diversifikasiyasına və əhalinin məşğulluğuna böyük töhfə verə bilər.

Məhz buna görə də “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 mart tarixli 1912 nömrəli Sərəncamının icrası ilə əlaqədar hazırlanmış normativ hüquqi aktlarının layihələri “azad iqtisadi zona” elan ediləcək ərazilərdə həyata keçiriləcək iqtisadi fəaliyyət üçün əlverişli hüquqi rejiminin müəyyənləşdirilməsini nəzərdə tutur.

Sərəncama əsasən azad iqtisadi zonaların yaradılmasının sürətləndirilməsi məqsədilə on bir nəfərdən ibarət üzvü olan işçi qrup yaradılıb. İşçi qrupun rəhbəri Milli Məclis sədrinin müavini Valeh Ələsgərov təyin edilib.

İşçi qrup üç ay müddətində azad iqtisadi zonaların yaradılması ilə bağlı hazırlanmış qanun layihəsinin ekspertizasını keçirməklə, dövlətin mənafelərinin və investorların qanuni maraqlarının tarazlı şəkildə nəzərə alınmasını təmin edən sənədin yekun variantını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Həmçinin işçi qrup azad iqtisadi zonaların inkişaf etdirilməsi məqsədilə bu sahədə təcrübəsi olan xarici investor (developer) şirkətləri ilə bağlanılacaq müqavilələrin əsas şərtlərinə dair təkliflər verməlidir.

Son xəbərlər
Digər xəbərlər