Azad İqtisadi Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilməyəcək.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olmuş yeni “Ələt iqtisadi zonası” haqqında qanun layihəsində qeyd edilib.
Yeni qanun layihəsinin 17-ci maddəsində (Azad Zonada gömrük işi) bildirilir ki, Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilmir.
Mallar, işlər, xidmətlə Azad Zonadan əsas iqtisadiyyata ixrac edildikdə, bu cür ixrac edilmiş mallara, işlərə, xidmətlərə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.
Əsas iqtisadiyyat gömrük idarəsi Azad Zonada gömrük qaydalarının tətbiq edilməsi üçün gömrük idarəsi yaradır. Gömrük idarəsi öz fəaliyyətini Azad Zonanın strateji məqsədlərinə, qabaqcıl beynəlxalq təcrübəyə və Azad Zona qanunvericiliyinə uyğun olaraq həyata keçirir.