Kənd Təsərrüfatı Nazirliyi tərəfindən işğaldan azad edilən ərazilər üzrə Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Xocalı, Xocavənd, Zəngilan və Tərtər rayonlarının müvafiq ərazilərində fəaliyyət göstərən 18 kənd təsərrüfatı məhsul istehsalçısına 73.5 min hektar sahədə becərdikləri əkinlərə və çoxillik əkmələrə görə, dövlət büdcəsinin vəsaiti hesabına 16701.3 min manat məbləğində əkin subsidiyası verilib.
Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Hesabatda qeyd olunur ki, Tərtər rayonunun Çaylı kəndi ərazisində və Xocavənd rayonunun Məmməddərə kəndi ərazisində salınmış meyvə bağları üçün Aqrar Kredit və Inkişaf Agentliyin vəsaiti hesabına ümumi dəyəri 2.75 mln. manat olan 2 dəst damlama suvarma sistemlərinin alışının maliyyələşdirilməsi məqsədilə 1044.1 min manat məbləğində güzəşt, Qubadlı rayonu Xanlıq kəndi ərazisində ümumi dəyəri 322.5 manat olan 14 dəst pivot suvarma sisteminin alışının maliyyələşdirilməsi məqsədi ilə 999.2 min manat güzəşt ayrılıb.
Hesabatda qeyd olunur ki, ümumi dəyəri 525.0 min manat olan 15 adad kənd təsərrüfatı texnikasının alışının maliyyələşdirilməsi məqsədilə 86.1 min manat məbləğində kredit və 183.5 min manat güzəşt ayrılıb.