AZAL-ın Nyu-Yorka uçuşların dayandırmasında ‘anlaşılan’ məqam [bloq]

0

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) 2014-cü ildən həyata keçirilən Bakı-Nyu York-Bakı reysini oktyabr ayından bağlaması haqqında eşitmisiniz və oxumusunuz. AZAL rəsmi olaraq bəyan edib ki, bu reys rentabelli deyildi.

Amma nədənsə çox adamlar bu fikirlə razı deyillər, çünki bu reysdə ən azı ekonom sinif yerlər dolu olurdu. Özüm üç dəfə uçmuşam və bunu öz təcrübəmə əsasən deyirəm. Gediş-gəliş aviabileti mövsümdən asılı olaraq 650-1000 dollar arası dəyişir. Bu məsələnin görünən tərəfidir. İndi keçək digər tərəfə.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

AZAL-ın sifariş etdiyi 10 ədəd “Boeing 737 MAX” təyyarəsi bu ilin əvvəli çatdırılmalı idi, amma məlum qəzadan sonra çatdırılma 2024-cü ilə qədər yubandı. Aviaşirkətin yeni uçuş istiqamətlərin açılması üçün isə yeni təyyarələrə ehtiyacı var. Hazırda ölkəyə cəlb olunması planlaşdırılan Hindistan və Çindən olan turistləri Azərbaycana gətirmək üçün uzun məsafəyə uçan təyyarə lazımdır. 737 MAX isə məhz bu istiqamətlər üçün nəzərdə tutulmuşdu. Nyu York reysinin “qurban verilməsinin” əsas səbəbi odur ki, cəmi iki ədəd olan Boeing 787 Dreamlineri bu reys çox məşğul edir. Təyyarənin Bakıdan uçuşa hazırlanmağı və Nyu Yorka gedib-gəlməyi hardasa 28 saat vaxt aparır. Bura hələ uçuşdan saatlarla öncə olunan texniki baxış vaxtını əlavə etmirəm. Qıraqdan rentabelli görünsə də, vaxt itkisi tərəfdən əlverişli deyil. Misal üçün, Bakıdan Hindistanın Dehli, Mumbay şəhərlərinə və ya Çinin hansısa başqa şəhərinə (hazırda AZAL Pekinə uçur) yeni reys açılsa qiymət ən pis halda 20% ucuz, amma uçuş zamanı və məsafəsi ən azı iki dəfə qısa olacaq. Bu isə AZAL üçün daha rentabellidir. Həmçinin bu ölkələr ABŞ kimi uçuşa əlavə, xüsusi təhlükəsizlik tələbləri irəli sürmür.

Belə olan halda AZAL-ın bu addımı kommersiya cəhətdən anlaşılandır. Daha bir açıqlama da o oldu ki, yeni genişgövdəli təyyarələrin alınması üçün Boeinglə danışıqlar aparılır. Düşünürəm ki, bu danışıqlar uğurla sonlansa Bakı-Nyu York-Bakı reysi bərpa oluna bilər.

– Müəllif –
Azər İsmayıl
Turizm üzrə ekspert