AZAL qəzaya düşmüş təyyarədən 10 ədəd alıb

“Bu ilin sonundan etibarən Azərbaycana üç il ərzində ümumilikdə 10 ədəd Boeing 737 MAX-8 tipli təyyərə gətiriləcək”.

Banker.az Azərbaycan Hava Yollarına istinadən xəbər verir ki, bunu şirkətin prezidenti Cahangir Əsgərov deyib.

Məlumatda deyilir ki, “Boeing 737 MAX-8 təyyarələrinin qəzaya uğraması ilə əlaqədar AZAL Boeing korporasiyası ilə sıx əlaqə saxlayır”.

“Boeing 737 MAX-8 hava gəmiləri ilə baş verən iki aviasiya qəzasının təhlili nəticəsində bir çox oxşar məqamlar müəyyən edilmişdir – hər iki təyyarə uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hadisələrin səbəblərinin ilkin versiyası – laynerlərin proqram təminatında ehtimal olunan nasazlıqdır”, – Cahangir Əsgərov qeyd edib.

Cənab Əsgərov əlavə edib ki, “yeni təyyarənin proqram təminatında hər hansı qüsur aşkar edildikdə, həmin qüsurlar Azərbaycana çatdırılma zamanı tamamilə aradan qaldırılacaq”.

Xatırladaq ki, Əddis-Əbəbə şəhərindən Nayrobiyə uçan “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi martın 10-da səhər saatlarında Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu, son 5 ay ərzində həmin model təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzasıdır. 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həlak olmuşdu.

Efiopiyada baş verən qəzadan sonra Çin, İndoneziya, Böyük Britaniya və Cənubi Koreyanın aviakompaniyaları da “Boeing 737 MAX 8” təyyarələrinin uçuşlarını dayandırıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər