Azərbaycan Hava Yolları» (AZAL) tarixində ilk dəfə bu ilin yayından öz loukosterlərində uçmağı təklif edir. Qiymət 99 avrodur.
Avqustdan Embraer-190 laynerləri sərnişinləri Antalyaya, sentyabrdan İstanbula çatdırır. 25 oktyabrdan Dubay və Moskvaya ucuz uçuşlar olacaq (Airbus A320). AZAL öz loukosterlərinin işini qiymətləndirməyib, amma şirkətdə Turan-a bildiriblər ki, sərnişinlər razıdır, reyslər populyardır, sayları artırıla bilər, AZAL çərçivəsində büdcə uçuşlarının yeni brendinin yaradılmasına baxılır.
Avqustun 1-dən klassik reyslərdə ekonom sinifdə tariflər bütün beynəlxalq istiqamətlərdə 20-30% ucuzlaşdırılıb.
«AZAL» başqa şirkətlərlə müqayisədə rəqabətqabiliyyətli oldumu?
Bakıdan İstanbula məsafə 2 218,6 km-dir. Bu marşrutla AZAL təyyarələri sərnişinləri loukosterlə 99 avroya, adi təyyarədə 219 avroya aparır. Moskvadan İstanbula da eyni məsafədir – 2302 km. Ancaq bu marşrutla Air Moldova sərnişinləri 109 avroya, Turkish Airlanes 138 avroya, Britaniyanın EasyJеt loukost şirkəti 192 avroya aparır.
Göründüyü kimi, Azərbaycan loukosterləri Avropadan olan həmkarları ilə yaxın, bəzən ucuz qiymət təklif edir. Klassik reyslər isə Avropadakından bahadır. Prezident İ.Əliyev 13 iyulda Nazirlər Kabinetinin iclasında qeyd etmişdi ki, AZAL təyyarələrini dövlət alır və şirkət H.Əliyev adına Bakı Hava Limanının xidmətindən istifadə edir. Yəni AZAL təyyarələrində qiymət xarici şirkətlərdən ucuz olmalıdır.
Aviaşirkətin qiymətləri ucuzlaşdırmaq üçün hələ imkanı var. AZAL mətbuat xidmətinin rəhbəri P.Kəsəmənski bildirib ki, loukoster biletlərin qiymətinə yenidən baxıla bilər. Büdcə reyslərinin sayı sərnişinlərin tələbatından asılı olaraq artırılır. Aviaşirkət hələlik klassik reyslərdən imtina etməyə hazırlaşmır – xüsusən uçuş vaxtı 4 saat və daha çoxdursa. 2016-cı ilə kimi yeni avialaynerlər alınması planlaşdırılmır.
Mətbuat xidməti rəhbərinin sözlərinə görə, aviaşirkət böhran şəraitində inkişaf strategiyasını hazırlayır və baza aeroportunu iri sərnişin xabına çevirməkdə maraqlıdır. AZAL Macarıstanın Wizz Air loukoster şirkətinin Azərbaycan bazarında işləməsi üçün əlverişli şərait yaradıb və Budapeştdən cavab gözləyir.
2014-cü ildə hava nəqliyyatı ilə sərnişin daşınması aviaşirkətlərə 17 mln manat ziyan verib. Bu, əvvəlki ildəkindən 2 dəfə azdır.
Dövlətstatkomda Turan-a bildiriblər ki, ötən il aviaşirkətlərin gəlirləri 298,6 mln manat olub. Bu, 2013-cü ildəkindən 13,8% çoxdur. Şirkətlərin sərnişin daşınması xərcləri 5,7% artaraq 314,6 mln manat olub..
Azərbaycanda sərnişin daşınması ilə 2 yerli şirkət məşğul olur: “Azerbaijan Airlines” və “Silk Way Business Aviation” (“Silk Way Holding” qrupu).
2014-cü ildə aviaşirkətlər 1,8 mln sərnişin (+7,6%) daşıyıb. Sərnişin daşımalarının 0,4%-i “Silk Way Business Aviation”un payına düşür. Şirkət kommersiya reysləri həyata keçirir və mənfəətlə işləyir. Amma bu şirkətlərin heç biri maliyyə hesabatını açıqlamır. Nizamnamənin 5.3 maddəsinə əsasən, AZAL illik maliyyə hesabatını növbəti ilin 30 aprelindən gec olmayaraq dərc etməlidir.
AZAL hər il dövlət büdcəsindən Bakı-Naxçıvan-Bakı marşrutunda itkiyə görə 10 mln manat dotasiya alır. Bir tərəfə bilet 70 manatdır. Bunun 20 manatını dövlət ödəyir.
Bir neçə xarici aviaşirkət, o cümlədən Turkish Airlines, Aeroflot, Sibir, Flydubai, Ukrayna Hava Yolları, Qatar Airways, Air Astana, British Airways, Lufthansa və s Azərbaycan aeroportlarına uçuş həyata keçirir.