®“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Fəaliyyət çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.
İnformasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL QSC) olub. Qurum “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi Yerləşdirmə – IaaS (İnfrastructure-as-a-Service) virtual server xidmətini əldə edib. Eyni zamanda qurum məlumatların təhlükəsiz saxlanılması məqsədilə Rezervlənmə – BaaS (Backup-as-a-Service) bulud xidmətindən də yararlanıb. Bundan başqa, şirkət “AzInTelecom” tərəfindən bütün struktur bölmələrində sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən “AzDoc” proqram təminatı ilə təmin olunub. AZAL informasiya sistemlərini tam şəkildə Bakı Data Mərkəzinə yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.
Məlumat üçün bildirək ki, qeyd olunan “bulud” xidmətlərini AZAL QSC-nin tərkibindəki bütün strukturlar, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportu da əldə edib.
Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, şirkət “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən 2 Data Mərkəzinə malikdir.