7 C
Baku
Wednesday, December 25, 2024

AZAL-ın təyyarəsi qəzaya uğrayıb – Yenilənib

13:27- AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan 4 nəfərin meyiti aşkarlanıb.

Bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***

12:48 – Prezident İlham Əliyev Qazaxıstanın Aktau şəhərində baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.

Başsağlığında deyilir:

“Azərbaycan Hava Yollarına” məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm”.


12:42 – Qazaxıstanda təyyarə qəzası ilə bağlı qaynar xətt yaradılıb.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qaynar xətt telefonları:

+77172-55-96-21 və +7-7292-31-90-91


12:18 – AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Rosaviasiya rəsmi məlumat yayıb.

Məlumatda bildirilir:

“Bu gün Moskva vaxtı ilə saat 09:30 radələrində Xəzər dənizinin şərq sahili ərazisində Qazaxıstanın Aktau hava limanına eniş edərkən Azərbaycanın AZAL aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsi yerə çırpılıb. Təyyarə Bakıdan Qroznıya reys həyata keçirib.

İlkin versiya ondan ibarətdir ki, quş sürüsü ilə toqquşmadan sonra, təyyarənin göyərtəsində fövqəladə vəziyyətə görə, nəqliyyat gəmisinin kapitanı alternativ aerodroma “getmək” qərarına gəlib. Alternativ aerodrom Aktau seçilib.

Axtarış-xilasetmə işlərini Qazaxıstan Respublikasının əməliyyat xidmətləri həyata keçirir.

Rosaviasiya AZAL, Azərbaycan və Qazaxıstanın aviasiya hakimiyyətləri ilə əlaqə saxlayır”.


12:11 – Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan Azərbaycan hava yollarına məxsus təyyarəyədə 16 Rusiya vətəndaşı olub.

Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ilkin məlumatlara görə, Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 16 Rusiya, 37 Azərbaycan, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub.


11:38 – Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

Banker.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları”nın (AZAL) açıqlamasında bildirilir.

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.


11:11 – “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Son xəbərlər
Digər xəbərlər