Bakı – 11 iyul tarixindən “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı – Tel-Əviv – Bakı marşrutu üzrə xüsusi uçuşlar həyata keçirməyə başlayır.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, qeyd olunan marşrut üzrə uçuşlar hər həftənin bazar günləri həyata keçiriləcək.
Biletlərin satışı aviaşirkətin www.azal.az rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində həyata keçirilir.
Mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası daşımaya qəbul olunacaq.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, İsrail vətəndaşları 21 iyun tarixindən etibarən aşağıdakı sənədləri təqdim etdikdə Azərbaycana səyahət edə bilərlər:
– tam peyvənd olunmaları barədə sertifikat (COVID-19 pasportu) və ya xəstəlikdən sağalmaları barədə sertifikat;
– həmçinin uçuşdan əvvəl 72 saat ərzində rəsmiləşdirilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsi barədə arayış.
18 yaşınadək İsrail vətəndaşları Azərbaycana hava yolu ilə gəldikdə yalnız PCR testinin neqativ nəticəsi barədə arayış təqdim edə bilərlər, bir yaşınadək uşaqlar üçün sertifikat və arayışın təqdim edilməsi tələb olunmur.
Bu istiqamət üzrə səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları İsrail ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə İsrail ərazisinə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-israel.
Azərbaycanda COVID-19-a dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin rəsmi saytında təqdim edilib: https://www.azal.az/az/information/covid-clinics.
Sərnişin Tel-Əvivdən Bakıya səyahət etdiyi zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş klinika və ya laboratoriyalardan hər hansı birində verə bilər. PCR testinin neqativ nəticəsi barədə arayışda onun həqiqiliyini təsdir edən QR-kodunun olması arzu ediləndir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyətlərdən daha sürətli keçməyə kömək edəcək.
Qeyd olunan marşrutun sərnişinləri COVID-19-a dair testin nəticəsinin uçuşdan əvvəl 72 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.