-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan neftinin barreli $90-ı ötüb, nə dəyişəcək?

“Neftin qiymətləri qalxanda dövlətin qazancı artır. Yəni dövlətin gəliri çoxdur, manat stabildir. Manata təlabat yarandıqda dövlət əlavə olaraq ehtiyatlardan istifadə edərək onu stabil saxlaya bilər”. 

Bunu açıqlamasında Neft-qaz araşdırmaları mərkəzinin rəhbəri İlham Şaban Azərbaycan neftinin bir barrelinin qiymətinin 90 dollara çatmasının ölkə iqtisadiyyatına faydalarından danışarkən deyib.

İ. Şaban bildirib ki, ötən il Azərbaycan neftinin orta ixrac qiyməti 71 dollar olub: “Bu 71 dollar hesabına İqtisadiyyat Nazirliyinin açıqladığı rəqəmə görə, dövlət büdcəsinə 2,1 milyard manat neft sektorundan vəsait daxil olub. Faktiki olaraq büdcə ilə bağlı verilən proqnozlarda 50 faizdən çox neft sektorundan gəlir əldə edilib. İkincisi, əgər 2020-ci ildə Dövlət Neft Fonduna cəmi 4 milyard neft-qazdan vəsait daxil olmuşdusa, indi təkcə “Azəri-Çıraq-Günəşli” yatağından 6 milyard vəsait daxil olub. Yəni neftin qiymətinin yüksək olması birmənalı şəkildə ölkəyə valyuta axınının gəlməsinin artımına gətirib çıxarır.

Bundan əlavə, Dövlət Neft Fondunun valyuta ehtiyatları artıb. Neft Fondunun tarixində ilk dəfə olaraq onun aktivləri 45 milyardı ötdü. Beləliklə, neftin qiymətləri qalxanda dövlətin qazancı artır. Yəni dövlətin gəliri çoxdur, manat stabildir. Manata təlabat yarandıqda, əlavə olaraq ehtiyatlarından istifadə edərək onu stabil saxlaya bilər”.

ilham shaban

Neftin qiymətinin artmasının mənfi təsirlərinə gəlincə isə ekspert vurğulayıb ki, bu hal baş verdikdə Qərb və Şərq ölkələrində mal və xidmətlərin qiyməti artır: “Çünki istənilən mal və xidməti istehsal etmək üçün enerji sərfiyyatı lazımdır. Bu enerjinin qiyməti artır. Azərbaycan bir il ərzində əvvəlki illərlə müqayisədə idxalı azaltsa da, 10 milyard dollardan çox idxala vəsait xərcləyib. Bizdə ötən il ölkənin daxilində əsasən də IV rübdə qiymətlərin bütün seqmentlər üzrə artımını müşahidə edəndə hökumət bunu xaricdə qiymətlərin artması ilə əlaqələndirirdi. Bu da daxili bazarda mal və xidmətlərdə öz əksini tapır, yəni inflyasiya yaradır. Bu yüksək qiymətlər daxili bazarda özünü insanların yaşamında büruzə verir. O cümlədən, dövlətin çox qazandığı valyutanın bir hissəsini məhz xaricdən alınan eyni miqdarda mal və xidmətlərə yönəltməsinə gətirib çıxarır”.

Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər