8 C
Baku
Thursday, March 28, 2024

Azərbaycanda balıq zavodu 3,79 mln. manata satın alındı

«Azerbaijan Fish Factory» MMC S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodunun inkişafına 3 mln. 79 min manat (cari məzənnə ilə $1,81 mln.) məbləğində sərmayə yatıracaq. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) məlumatında deyilir.

“Komitəyə iki iddiaçı tərəfindən təkliflər daxil olub. Təkliflərə baxıldıqdan sonra açıq səsvermə yolu ilə “Azerbaijan Fish Factory” MMC zavodun satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib. Qalib şirkət ümumi həcmi 3 mln. 79 min manat təşkil edən İnvestisiya Proqramının icrasını üzərinə götürüb”, – deyə məlumatda bildirilir.

Qalib şirkət investisiyaları müəssisədəki nohurların tam yenidən qurulması və əlavə nohurların inşasına, qapalı su çevrəsi əsasında fəaliyyət göstərən istehsal sahəsinin yaradılmasına, o cümlədən hovuzların yenidən qurulması və yeni hovuzların quraşdırılmasına sərf edəcək. Eyni zamanda, vəsait təmir-tikinti işləri və inzibati binanın restruktizasiyasına, su təchizat sisteminin yeniləşdirilməsi, eləcə də ərazinin abadlaşdırılmasına xərclənəcək.

“İnvestisiya Proqramının icrası nəticəsində müəssisənin Xəzəryanı dövlətlər arasında ilk nohur, açıq su təchizatı sistemi və qapalı su çevrəsi əsasında fəaliyyət göstərən ixtisaslaşmış damazlıq təsərrüfatı olacağı gözlənilir. Müəssisənin fəaliyyəti yeyinti sənayesinin inkişafına xidmət göstərməklə yanaşı, əhalinin balığa olan tələbatının ödənilməsinə də şərait yaradacaq”, – deyə məlumatda qeyd olunur.

Zavodun fəaliyyəti bəzi nəsli kəsilməkdə olan balıqların çoxalmasına şərait yaradacaq. Bölgə, kələmo, nərə, uzunburun kimi az sayda olan balıqların yetişdirilməsi planlaşdırılır.Həmçinin gələcəkdə balıqdan hazırlanan məhsulların, konservləşdirilmiş malların istehsalı üçün lazım olan xammal zavod tərəfindən təmin edilə bilər.

Qeyd edilməlidir ki, həyata keçiriləcək investisiya qoyuluşları nəticəsində müəssisədə 28 yeni iş yerinin yaradılması, habelə fəaliyyət dairəsindən asılı olaraq işçilərə 300 manatdan az olmayan məbləğdə əmək haqqının verilməsi planlaşdırılır.

Qalib şirkət dövlət büdcəsinə 750 min manat məbləğində pul vəsaiti köçürəcək.

© İnterfaks Azərbaycan

Son xəbərlər
Digər xəbərlər