20 C
Baku
Monday, September 29, 2025

Azərbaycanda maliyyə direktoru Britaniya şirkətində pay alıb

Böyük Britaniyanın Azərbaycanın qızıl, mis və gümüş istehsalçısı “Anglo Asian Mining plc” (AIM kimi listinq olunub) səhm opsionlarının icrası ilə bağlı yeni məlumat açıqlayıb.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, 29 sentyabr 2025-ci il tarixində “Anglo Asian” tərəfindən ayrılmış 100 min yeni adi səhm üzrə ticarətə qəbul üçün London Birjasının platformasına müraciət olunub.

Bu səhmlər “Anglo Asian Mining”in Azərbaycan Beynəlxalq Mədən Şirkətinin (AİMKLŞ) vitse-prezidenti (idarə heyətinə daxil deyil) İlham Xəlilov tərəfindən səhm opsionlarının icrası nəticəsində əldə olunub. O, hər bir səhm üçün 115 pens və ya 1.15 ingilis funt-sterlinqi ödəməklə ümumilikdə 100 min səhm alıb.

Yeni səhmlər şirkətin mövcud adi səhmələri ilə eyni hüquqlara malik olacaq və gələcəkdə elan ediləcək dividendlərə və digər ödənişlərə şamil ediləcək. Səhmlərin AIM-də ticarətə qəbulunun 2 oktyabr 2025-ci ildən etibarən qüvvəyə minəcəyi gözlənilir.

İlham Xəlilov bu əməliyyatdan sonra ümumilikdə 100 min adi səhmə sahib olub ki, bu da “Anglo Asian Mining”in artırılmış nizamnamə kapitalının təqribən 0.09 faizinə bərabərdir.

Şirkətin açıqlamasına görə, yeni buraxılışdan sonra “Anglo Asian Mining”in ümumi nizamnamə kapitalı 114 492 024 adi səhm təşkil edir. Onların 150 min ədədi xəzinədə saxlanıldığından, ümumi səsvermə hüquqları 114 492 024 səhm əsasında hesablanır.

AİMKLŞ-nın Maliyyə və kommersiya əməliyyatları üzrə Vitse Prezidenti İlham Xəlilov Şirkətə 2013-cü ilin iyul ayında Maliyyə işləri üzrə nəzarətçi kimi qoşulub. Əvvəllər o, Böyük “big four” audit şirkəti “Ernst and Young”ın Bakı ofisində əsasən neft-qaz və mədən şirkətlərinin maliyyə auditlərini həyata keçirib.

AİMKLŞ-da o, maliyyə menecmentinin bütün aspektlərinə, o cümlədən uzunmüddətli planlaşdırma və illik büdcəyə, pul vəsaitlərinin hərəkətinin idarə edilməsi və xərclərin optimallaşdırılmasına, maliyyə hesabatlarına və hökumət orqanlarına hesabat verməyə, yeni inkişaf layihələri üçün maliyyə mənbələrinin axtarışına və s. cavabdehdir.

Xəlilov Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsini bitirib, həmçinin Brianiya Mühasiblər Assosiasiyası tərəfindən təltif olunan Mühasibat Uçotu və Biznesin İdarəedilməsi Diplomuna sahibdir.

30 Noyabr 2021-ci ildə Varvik Biznes Universitetində Biznes İdarəetmə Magistr dərəcəsinə yiyələnib.

Son xəbərlər
Digər xəbərlər