Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining” (AAM) şirkətinin səhmlərinin London birjasında (AIM) ticarəti müvəqqəti dayandırılıb.
Banker.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib. Qeyd edilib ki, mədən şirkətinin səhmlərinin AIM bazarında ticarəti 26 noyabr 2025-ci il, Bakı vaxtı ilə 14:54-dən etibarən şirkətin xahişi ilə müvəqqəti olaraq dayandırılıb.
Əlavə edilib ki, ticarəti dayandırılan aktivlər “Anglo Asian Mining”in tam ödənilmiş 1 pennilik adi səhmləridir (ISIN: GB00B0C18177).
Qeyd edək ki, AAM 1997-ci il avqustun 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi fəaliyyətə başlayıb. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir. Şirkət London Birjasında listinqdədir və ölkənin ən iri qeyri-neft sənaye ixracatçılarından biridir.








