2021-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 153 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 89 ölkəyə məhsul ixrac olunmuş, 144 ölkədən idxal olub.
Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilir.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7 036.8 milyon ABŞ dolları (7.04 mlrd dollar) təşkil edib.
Ticarət dövriyyəsinin 4 506.3 milyon dollarını və ya 64.0 %-ini ölkədən ixrac olunmuş məhsulların, 2 530.5 milyon dollarını (36.0 %-ini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1 975.8 milyon dollar məbləğində müsbət saldo yaranıb. Qeyd edək ki, öncəki ayda bu göstərici 1 291 milyon dollar idi.
2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 4.9% artmış, real ifadədə isə 15.1%, o cümlədən idxal 24.3%, ixrac 9.1% azalıb.
Komitə bildirir ki, 2021-ci ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 17.0%, real ifadədə 3.7% artaraq 501.5 milyon dollar təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 35.5 %-ini İtaliyaya, 17.9 %-ini Türkiyəyə, 8.4 %-ini Hindistana, 6.3 %-ini Gürcüstana, 4.4 %-ini İspaniyaya, 3.3 %-ini Rusiyaya, hər biri 3.0% olmaqla İsrail, Portuqaliya və Ukraynaya, 2.8 %-ini Çinə, 2.1 %-ini Birləşmiş Krallığa, 1.9 %-ini Belarusa, 1.5 %-ini Xorvatiyaya, hər biri 1.1% olmaqla İsveçrə və Almaniyaya, 4.7 %-ini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (32.5%), Rusiyaya (25.9%), İsveçrəyə (8.9%), Gürcüstana (7.6%), ABŞ-a (3.7%), Çinə (2.3%), Belçikaya (1.8%), Türkmənistana (1.6%), Ukraynaya (1.5%), Almaniyaya (1.3%), İtaliyaya (1.3%), İrana (1.1%), Qazaxıstana (1.0%) göndərilmiş malların payı üstünlük təşkil edib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17.8 %-i Rusiya, 15.0 %-i Türkiyə, 12.3 %-i Çin, 7.3 %-i Almaniya, 4.6 %-i ABŞ, 3.9 %-i Ukrayna, 3.8 %-i İran, 3.2 %-i İtaliya, 3.0 %-i Birləşmiş Krallıq, hər biri 1.8% olmaqla Koreya və Yaponiya, 1.6 %-i Braziliya, 1.5 %-i Hindistan, hər biri 1.4% olmaqla Fransa və Norveç, 19.6 %-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
2021-ci ilin yanvar-mart aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 41.8%, şəkər – 2.5 dəfə, bitki yağları – 37.5%, meyvə və tərəvəz şirələri – 37.0%, kartof – 1.6 dəfə, təbii üzüm şərabları və üzüm suslosu – 1.9 dəfə, pambıq lifi – 1.6 dəfə, polietilen – 8.8%, pambıq ipliyi – 6.3%, bentonit gili – 8.6% artmış, təzə tərəvəz ixracı isə 37.3%, çay – 18.3%, meyvə və tərəvəz konservləri – 5.0%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 22.2%, tütün – 58.5%, emal olunmamış alüminium – 23.5%, qara metallardan borular – 36.7% azalıb.
2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2021-ci ilin yanvar-mart aylarında bitki yağları idxalı 47.6%, buğda – 13.0%, xam şəkər və şəkər – 3.9 dəfə, kərə yağı, digər süd yağları və pastaları – 5.1%, kartof – 0.6%, təzə tərəvəz – 2.0 dəfə, siqaretlər – 14.8%, dərman vasitələri – 30.8%, rezin şinlər – 10.6%, mineral gübrələr – 17.8%, yük avtomobilləri – 28.5%, məişət kondisionerləri – 1.6 dəfə, məişət soyuducuları – 29.0% artmış, təzə meyvə idxalı isə 3.4%, çay – 5.2%, mal əti – 23.6%, quş əti və onun əlavə məhsulları – 22.8%, minik avtomobilləri – 1.4%, qara metallardan borular – 38.2%, polad prokatı – 58.1%, hesablama maşınları, blok və qurğuları – 4.0%, qara metallardan çubuqlar – 57.4%, mebellər – 10.9%, paltaryuyan maşınlar – 8.5%, polietilen – 47.4%, qara metallardan künclüklər – 39.7%, avtobuslar – 39.4%, sement və sement klinkerləri – 39.7% azalıb.