“Azercell Telekom” MMC-nin bu gün yaydığı məlumata əsasən Fakturasız (SimSim) xətt sisteminə aid “Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tarif paketlərində 2 AZN (ƏDV daxil) aylıq abunə haqqı tətbiq olunacaq. Aylıq abunə haqqı müqabilində abunəçiyə otuz günlük istifadə müddətinin sonunadək 25 şəbəkədaxili dəqiqə və 250 MB həcmli internetdən istifadə imkanı təqdim olunacaq.
Dəyişikliklərlə bağlı Banker.az-ın sorğusunu cavablayan Azercell mobil rabitənin dəyişən trendlərini nəzərə alaraq şirkətin mütəmadi olaraq mövcud xidmətlərin optimallaşdırılmasını həyata keçirdiyi bildirib. Bu məqsədlə bəzi xidmətlərin uzunmüddətli və səmərəli texniki dəstəyini təmin etmək üçün xidmətlərin istifadə şərtlərində vaxtaşırı müvafiq dəyişikliklər tətbiq edilə bildiyi qeyd olunub. Eyni zamanda, telekommunikasiya şəbəkəsinin keyfiyyətinin artırılması və şəbəkənin daha da genişləndirilməsi üzrə işlərin planlı şəkildə davam etdirildiyi bildirilib və müvafiq dəyişikliyə dair elanın 25.02.2025-cü il tarixində dərc edildiyi qeyd edilib.
Xatırladaq ki, hazırda “Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tarif paketlərində danışıq dəqiqələri tarif paketdən asılı olaraq 0.08 AZN-0.10 AZN arasında dəyişir. Bunu nəzərə alaraq bu tarif paketlərdə 25 dəqiqə şəbəkədaxili danışıq bu tarif paketlərin istifadəçiləri üçün 2-2,5 AZN təşkil edir. Yeni şərtlər isə abunəçilər 2 AZN-a həm danışıq dəqiqələri, həm də internet əldə edir. Hazırda minimal aylıq internet paketin həcminin 1,5GB, aylıq abunə haqqının isə 6 AZN təşkil etdiyini nəzərə alsaq, 250 MB həcmində internet paket də internetdən az istifadə edən abunəçilərə sərf edəcək.